Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 631

Fevralın 11-də Neftçilər prospektində Saatlı rayon sakini Murad Muradlı Bakı şəhər sakini Rəşad Qarayevi bıçaqla hədələyərək mobil telefonunu əlindən aldığına görə Səbail RPİ 39-cu PB-nin əməkdaşları tərəfindən tutulub. M. Muradlının ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, fevralın 16-da Neftçilər prospektində Fərhad Mehrəliyevin, fevralın 17-də isə həmin prospektdə Qubad Nuriyevin mobil telefonunu zorla əllərindən alıb.

Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsilə axtarışda olan Oruc Əlizadə fevralın 19-da yaxalanıb.

Xəzər RPİ 3-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzuq) maddəsilə axtarışda olan Qələmşah Zalov fevralın 19-da yaxalanıb.

Fevralın 6-na keçən gecə Binəqədi qəsəbəsində yaşayan Mehman Rzayevə məxsus «VAZ-2106» markalı avtomobilin üzərindən 4 ədəd, fevralın 14-nə keçən gecə isə Binəqədi qəsəbəsi II mədən yeni tikilidə Aqil Musayevə məxsus «VAZ-2107» markalı avtomobilin üzərindən 4 ədəd təkər oğurlanıb. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron rayon sakini Pərviz Ağazadə və Bakı şəhər sakini Seymur Cabbarov fevralın 19-da yaxalanıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzuq) maddəsilə axtarışda olan Fərhad Yusifov fevralın 19-da yaxalanıb.

Fevralın 18-də Ramana Südçülük sovxozunda yaşayan İlqar Nuriyev yaşadığı ünvanın yaxınlığında döş qəfəsindən aldığı bıçaq xəsarətlərilə 3 saylı xəstəxanaya yerləşdirilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Sarvan Məmmədov fevralın 19-da yaxalanıb.

Nərimanov RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər Bakı şəhər sakinləri - Rəfael Süleymanov, Ruslan Əliyev və Tovuz rayon sakini Mətləb Hüseynov fevralın 19-da tutulublar. Məlum olub ki, onlar fevralın 6-da Daş karxanası küçəsində yerləşən, Mənsur Qəmbərova məxsus mağazadan 900 manat, fevralın 17-nə keçən gecə isə Z.Xəlil küçəsində yerləşən, Mübariz Tağıyevə məxsus aptekdən 369 manat oğurlayıblar.