Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 642

Oktyabrın 9-u saat 06:30 radələrində Biləcəri qəsəbəsində yaşayan Sərxan Cəfərova məxsus «Vaz-2107» markalı avtomobildən 3 ədəd təkər oğurlanmışdır. Binəqədi RPİ PPXB və 6-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elsevər Məmmədov qəsəbə ərazisində «Tofaş» markalı 10-NO-125 nömrəli avtomobili idarə edən zaman saxlanılmış, avtomobillin yük yerindən Sumqayıt şəhər sakini Elməddin İsayevə məxsus «Mersedes» markalı avtomobilin 10-KJ-058 dövlət nömrə nişanları aşkar edilmişdir. Müəyyən edilmişdir ki, 10-NO-125 dövlət nömrə nişanı isə Bakı şəhər sakini Elşən Abbasova məxsus «Kia» markalı avtomobilə aiddir. Araşdırma zamanı «Tofaş» markalı avtomobilin S.Rəhimov küçəsində yaşayan Mahmud Məlikova məxsus 90-KL-097 dövlət nömrə nişanlı olması müəyyən edilmişdir.


Sentyabrın 27-nə keçən gecə M.Cəlal küçəsində yaşayan Qurban Əhmədova məxsus «VAZ-2107» markalı avtomobil qaçırılmışdır. Aparılan axtarışlar zamanı qaçırılımış avtomobil sentyabrın 28-də S.Məmmədov küçəsində əzilmiş vəziyyətdə tapılmışdır. Binəqədi RPİ 7-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Cavid Hüseynzadə oktyabrın 9-da tutulmuşdur.


Nəsimi RPİ PPXB-nin əməkdaşları Bakı şəhər sakini Azər Musayevdən 1 ədəd MP markalı pnevmatik tapança aşkar edərək götürmüşlər.


Oktyabrın 9-da Nardaran qəsəbəsi Tusi küçəsində yaşayan Akif Hüseynov qısqanclıq zəminində anası Əminə Hüseynovanı bıçaqla qətlə yetirdiyinə görə Sabunçu RPİ 14-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.


Oktyabrın 7-si saat 03 radələrində D.Əliyev küçəsində naməlum şəxs Türkiyə vətəndaşı Taşkıncelal Akkoyunu döyüb, gümüş boyunbağısını qırıb qaçmışdır. Nəsimi RPİ 22-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Cəlilabad rayon sakinləri Anar Əmirov, qardaşı Elməddin, Sübhan Niftəliyev və Bakı şəhər sakini Qismət Osmanov oktyabrın 9-da tutulmuşlar.


Oktyabrın 8-də Q.Qarayev prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Aysel Məmmədova Yeganə Bünyatovanın içərisində 70 manat olan çantasını oğurladığı üçün Nizami RPİ 24-cü PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.


Oktyabrın 7-si saat 03 radələrində Ə.Rəcəbli küçəsində Bakı şəhər sakini Zakir İsmayılova məxsus «Mersedes» markalı avtomobil qaçırılmışdır. Binəqədi RPİ 5-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Şamo Fərəcov oktyabrın 8-də avtomobillə birlikdə saxlanılmışdır.


Oktyabrın 8-i saat 19:20 radələrində Qala qəsəbəsində Bakı şəhər sakini İfrat Kazımov idarə etdiyi «Toyota Rav-4» markalı avtomobillə İsmayıllı rayon sakini Mahir Allahverənovu vurmuş, sonuncu aldığı xəsarətdən hadisə yerində ölmüşdür.


Yasamal RPİ 26-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Cahid Bağırovdan 400 qramdan artıq narkotik vasitə olan marixuana aşkar olunmuşdur.


Sentyabrın 18-i saat 02 radələrində 3 nəfər naməlum şəxs Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində qəsəbə sakini Elnur Bəşirovun taksi kimi idarə etdiyi «VAZ-2107» markalı avtomobilə sərnişin qismində əyləşmiş və Bülbülə qəsəbəsi S.Əliyev küçəsində saxlatmış, bıçaqla hədə-qorxu gələrək pulunu, mobil telefonunu və şəxsi sənədlərini almışdır. Suraxanı RPİ 31-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Mehman Məmmədli, Rəşad Bilalov və Xamis Qayıbov oktyabrın 8-də yaxalanmışlar.


Oktyabrın 8-də Binə qəsəbəsində Yevlax rayon sakinləri Nigar Bəkirova və Fatma Məmmədova qəsəbə sakini Anar Bayramovın evindən açıq qapıdan keçmə yolu ilə oğurluğa cəhd etdikləri üçün Suraxanı RPİ 30-cu PB-nin əməkdaşları tərəfindən tutulumuşlar. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onlar iyunun 25-də Binə südçülük sovxozunda yaşayan Könül Əliyevanın mənzilindən 150 manat və qızıl-zinət əşyaları oğurlamışlar.