Kriminal xəbərlər

kriminal-xeberler
Oxunma sayı: 709

Oktyabrın 16-da naməlum şəxs A.Şərifzadə küçəsində yerləşən internet klubda orada işləyən Bakı şəhər sakini Asiman Abdullayevi ayağı ilə vuraraq əlindən 200 manatını alaraq qaçmışdır. Yasamal RPİ 28-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Əliyev oktyabrın 18-də tutulmuş, cinayətin digər iştirakçısı Cəmil adlı şəxsin tutulması istiqamətində tədbirlər keçirilib. Müəyyən edilmişdir ki, o, Cəmil adlı şəxslə birlikdə oktyabrın ayında müxtəlif vaxtlarda Yasamal rayonu ərazisində Yasin Əliyevin, Müslüm Tağıyevin, İlkin Əliflinin, Zöhrab Həbibovun, Ayəddin Məmmədovun, Nurlan İsmayılovun, Cavid Bağırovun, Orxan Məmmədovun, Vüqar Xəlilovun, Azər Yaqubovun, Fəxri Hüseynovun işlədiyi mağazalara və Vaqif İsmayılovun işlədiyi aptekə daxil olub pul xırdalamaq adı ilə hər birindən 50 manat, Müşviq Əliyevin və Müşviq Abdullayevin işlədiyi mağazalara daxil olaraq isə eyni yolla 20 manat alaraq qıçmışlar.
Təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində cinayətin digər iştirakçısı Bakı şəhər sakini Cəmil Parlanov oktyabrın 21-də Yasamal RPİ 28-ci PB-nin əməkdaşları tərəfindən yaxalanmışdır.


Oktyabrın 21-də naməlum şəxs S.Ə.Şirvani küçəsində «Daewoo» markalı avtobusun sürücüsü Valeh Abdullayevə bıçaqla hədə-qorxu gələrək pulunu alıb qaçmışdır. Xətai RPİ CAŞ və 34-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Emin Əmirəliyev oktyabrın 21-də tutulmuşdur.

Oktyabrın 21-i saat 00:30 radələrində Bakı şəhər sakini Elman Paşayevə məxsus Q.Qarayev prospektində yerləşən mağazadan oğurluğa cəhd edən Tərlan Rəhimov və Sərvan Əjdərli Nizami RPİ PPXB-nin əməkdaşları tərəfindən yaxalanaraq ərazi üzrə 25-ci PB-yə təhvil verilmişlər. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, onlar oktyabrın 18-nə keçən gecə Səbail rayonu ərazisində Y.Məmmədəliyev küçəsində yerləşən Bakı şəhər sakini Hüseyn Quliyevə məxsus mağazadan qapının kilidini sındırma yolu ilə 117 manat, 4 ədəd noutbuk və kosmetik əşyalar oğurlamışlar.

Oktyabrın 21-də X.Məmmədov küçəsində yaşayan İqbal Camalovun evindən pəncərədən keçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanmışdır. Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Soltanov və Natiq Yusifov oktyabrın 21-də tutulmuşlar.

Aprelin 29-da R.Behbudov küçəsində yaşayan Səidə İbrahimovanın mənzilindən açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlanmışdır. Səbail RPİ 39-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Abşeron sakini Qalina Babayeva oktyabrın 21-də tutulmuşdur.

Nərimanov RPİ 16-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Mehdi Məmmədov oktyabrın 21-də yaxalanmışdır.