"KTMT Dağlıq Qarabağı Azərbaycana qaytaracaq"

ktmt-dagliq-qarabagi-azerbaycana-qaytaracaq
Oxunma sayı: 627

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Trend-in məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu bildirib. Onun sözlərinə görə, KTMT-nin son toplantısında yaydığı bəyannamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Helsinki yekun aktının məlum üç prinsipi olduğu kimi göstərilir.

“Millətlərin öz müqəddəratını təyin etmə prinsipindən söz getmir. Xalqların bərabərliyi qeyd olunur, bu o deməkdir ki, Dağlıq Qarabağın statusunun təyin olunmasında DQ azərbaycanlı və erməni icmaları bərabər hüquqlara malikdir”, - Əhmədoğlu deyib.

Politoloq vurğulayıb ki, KTMT bəyannaməsi BMT-nin nizamnaməsinə uyğun hazırlanıb.

“Bəyannamənin digər vacib əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan KTMT-nin üzvü deyil, lakin Ermənistan üzvdür. Yəni Ermənistanın özünün üzv olduğu təşkilat onu vadar edir ki, beynəlxalq hüquq normaları çərçivəsində münaqişənin həllinə razılaşsın”, - o deyib.

Mübariz Əhmədoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi hazırda kifayət qədər ciddi mərhələdədir.

“KTMT Dağlıq Qarabağı Azərbaycana qaytaracaq. Burada artıq Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında Ermənistan bir dövlət kimi, millət kimi sıradan çıxıb. Münaqişənin həlli birbaşa Azərbaycan-Rusiya danışıqları ilə həll olunacaq. Ola bilsin, bu danışıqlar KTMT-nin vasitəsi ilə aparılsın”, - politoloq deyib.

O həmçinin qeyd edib ki, KTMT-də müzakirə olunan postsovet məkanına aid yeganə məsələ Dağlıq Qarabağ münaqişəsidir.

Politoloqun sözlərinə görə, ermənilərin bu günə kimi əldə etdikləri nailiyyət Rusiya hakim dairələrinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqladığı bəyanatlara əks-bəyanat verən hansısa siyasətçini ortaya çıxarmaq olub. “KTMT-nin sonuncu bəyanatından sonra Ermənistan artıq Rusiyanın mövqeyini ikisəsli edə bilməyəcək”, - Əhmədoğlu vurğulayıb.