“Kubinka”nı su basıb - Fotolar

kubinkani-su-basib-fotolar
Oxunma sayı: 646

Əlibəy Hüseynzadə küçəsindəki mənzillərdən birində yaşayan sakin Əli İsmayılov deyir ki, sözügedən problem bir neçə dəfədir təkrar olunur. Belə ki, təxminən bir neçə ay bundan qabaq eyni yerdə su sızıntısı olub. Ətraf su gölməçələrinə qərq olub. Sakinlərin yerli mənzil istismar sahəsinə, bələdiyyəyə və digər dövlət qurumlarına müraciətindən sonra su xəttinin keçdiyi yolda qazıntı işləri aparılıb. Üstündən 2 həftə vaxt keçməmiş, xətdə su sızıntısı olub. O gündən etibarən küçə yenidən iri su gölməçələrinin məskəninə çevrilib.

İradə adlı digər sakin də yaranan mənzərədən şikayətlənib. Deyib ki, aidiyyəti dövlət qurumları problemin birdəfəlik həll etmirlər. Onun sözlərinə görə, təmirçilər görüntü xatirinə bir-iki gün ərazidə işləyib, su sızıntısının qarşısını tam almadan gediblər: “Oğlum bu barədə Nəsimi rayon su kanal departamentinə müraciət edib. Oradan deyiblər ki, Azəravtoyolservis rəy verməsə biz yolu, yəni asfalt örtüyü qaza bilmərik. İzah edirik ki, artıq yolun asfalt örtüyü dağılıb, belə olan halda haradansa icazə almağın nə mənası? Yenə də ötür-ötür oyunu oynayırlar. Məsuliyyəti üzərlərindən atmaqla canlarını qurtarırlar. “Azərsu”nun “Qaynar xətt”inə də zəng edib demişik. Onlar da qeydiyyat apardıqdan sonra söz verdilər ki, problem tezliklə həll olunacaq. Amma iki aydan artıq vaxt keçməsinə baxmayaraq, heç bir iş görülməyib. Bu yoldan qoca, cavan, uşaq keçib gedəndə üst-başı çirkab suya batır. Maşınlar bu ərazidən keçəndə çala-çökəklərdəki suyu ətrafa sıçradır. Bu da əlavə bir problem yaradır. Şəhərin mərkəzi ünvanlarından biri sayılan bu küçədə belə vəziyyət heç də yaxşı hal deyil”.