Kür çayı çirkləndirilib

kur-cayi-cirklendirilib
Oxunma sayı: 2370

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə may ayında növbəti monitorinq həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, may ayının II ongünlüyündə Kür çayında suyun sərfi may ayının I ongünlüyünə nisbətən  95  m3/san  artaraq  512  m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3, Ağstafaçay su anbarında isə 2.2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

May ayının II ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.6, I Şahsevəndə 1.8, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib. 

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.74-8.38 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.