Kür daşqınları ilə bağlı evlərə məhkəmə baxışı başladı

kur-dasqinlari-ile-bagli-evlere-mehkeme-baxisi-basladi
Oxunma sayı: 636

Məlum olduğu kimi 2010- cu ilin yazında baş vermiş Kür daşqınlarının təsirinə məruz qalmış bir qrup sakin dəyən ziyanın ödənilməsi tələbi ilə Nazirlər Kabineti, Fövqaladə Hallar Nazirliyi və Meliorasiya və Su Təsərrüfatı ASC- nə qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə iddiası ilə bağlı 1 saylı Bakı İnzibatı İqtisad məhkəməsində 3 məhkəmə prosesi keçirilib. 19 iyul 2011- ci il tarixdə keçirilən sonuncu məhkəmə prosesində hakimin qərarı ilə iddiaçıların evinə məhkəmə baxışı keçirilməsinə dair qərar qəbul olunub və bu barədə Saatlı rayon məhkəməsinə müvafiq tapşırıq göndərilib.

Bir neçə gün öncə 1 saylı Bakı İnzibatı İqtisad məhkəməsinin qərarı ilə iddiaçı, Saatlı rayonunun Dəllər kənd sakini Lazım Umudovun evinə məhkəmə baxışı keçirilib. Məhkəmə baxışında iddiaçının iştirakı ilə Saatlı rayon məhkəməsinin və Saatlı rayon İcra Hakimiyyətinin nümayəndələri, Fövqaladə Hallar Nazirliyinin əməkdaşları və s. iştirak edib, müvafiq akt tərtib ediblər.

Amma məhkəmə prosesinin gedişatını sonadək gözləməyən aidiyyatı qurumlar artıq iddiaçı Lazım Umudovun evinin tikintisinə başlayıblar.
Xatırladaq ki, L. Umudovun evinə və təsərrüfatına 2010- cu ilin yazında baş verən Kür daşqınları zamanı ciddi ziyan dəyib.

Hazırda daha 11 nəfər dəyən ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib və növbəti məhkəmə prosesi sentyabrın 02- də olacaq. Bütün iddiaçıların hüquqları “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı tərəfindən qorunur.