“Kürd, ərəb və türkmən qardaşlarımız bizə təşəkkür edəcək” - Ərdoğan

kurd-ereb-ve-turkmen-qardaslarimiz-bize-tesekkur-edecek
Oxunma sayı: 1221

Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankara Sənaye Dərnəyinin mükafatının təqdimat mərasimində çıxış edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, Ərdoğan Afrindən geri addım atılmayacağını bildirib.

Afrin əməliyyatı ilə bağlı Rusiya ilə razılaşma əldə edildiyini söyləyən Türkiyə prezidenti heç bir ölkənin torpağında gözləri olmadığını vurğulayıb:

“Türkiyə Afrində kürdlərə qarşı deyil, oradakı terror təşkilatlarına qarşı mübarizə aparır. Çox yaxında görüləcək ki, Afrindəki PYD/YPG terror təşkilatı ortadan qaldırıldıqdan sonra bizə ən böyük təşəkkürü oradakı kürd, ərəb və türkmən qardaşlarımız edəcək”.

Türkiyə prezidenti ABŞ-ın Afrin əməliyyatının məhdud və konkret zaman həddində həyata keçirilməsi ilə bağlı tövsiyəsinə də sərt reaksiya verib:

“Afrin əməliyyatı “Fərat qalxanı” əməliyyatı kimi məqsədinə çatandan sonra başa çatacaq. Bəziləri deyir ki, Afrin əməliyyatının müddəti məlum olmalıdır. Bunu deyən ABŞ-dır. Mən də soruşuram ki, ABŞ-ın Əfqanıstanda, İraqda qalma müddəti məlum oldumu? Savaş riyazi məsələ deyil. Nə zaman iş bitərsə, zatən bizim orada qalmaq niyyətimiz yoxdur, çəkiləcəyik. Bunun üçün kimlərdənsə icazə almaq fikrimiz yoxdur ”.