Küveyt olmaq...

kuveyt-olmaq
Oxunma sayı: 2521

Samir Sarı

Dünən işdə dostlar keçmiş günlərdən danışdığı yerdə qəfildən gözüm sataşdı, gördüm, məşhur televiziya diktoru Nəsimi Nəbizadə sosial şəbəkədə belə bir status paylaşıb: “Keçən əsrin doxsanları idi... bizdən böyüklər deyirdilər, eşidirdik:

- Eybi yox, biz bir gün görmədik, balalarımız görər, sağlıq olsun, yaxşı olar... O balalar böyüyüb, indi onlar təkrarlayır eyni sözləri, öz balaları üçün... amma daha ümidsiz... Və deyəsən, belə də davam edəcək...”

Nə qədər doğru təsbit! Gerçəkdən də əlini bu gündən üzən insanlar yenə gələcəyə ümid bəsləyir və özlərinə belə bir təsəlli verirlər ki, irəlidə hər şey yaxşı olacaq, heç olmasa övladlar yaxşı gün görəcəklər.

Adamın yadına Türkiyənin məşhur müğənnisi Edib Akbayramın ötən əsrin yetmişinci illərində oxuduğu mahnının sözləri düşür. Nazim Hikmətin sözlərinə yazılmış mahnı beləydi: “Gözəl günlər görəcəyik, cocuqlar, motorları maviliklərə sürəcəyik”.

O şeirin yazıldığı vaxtdan azı əlli keçib, amma Anadoluda yaşayan qardaş türklər hələ də motorlarını mavi ənginliklərə sürə bilməyiblər. Düzdür, THY uçaqları dünyanın dörd bir yanına uçuşlar edir, amma şair başqa motorlardan danışırdı.

Gözəl günlər görməyə gəlincə, yox, o da olmayıb. Şeirin yazıldığı vaxtlarda qardaşlar heç olmasa orda-burda rakı-zad içə bilirdilər, indi o da, türkün sözü, sakıncalıdır, yasaqlı kimidir. Üstəlik, ölkə xroniki inflyasiya yaşayır. Burdan-bura biz bir devalvasiyaya dözmürük, Türkiyədə isə il - on iki ay devalvasiya olur.

Devalvasiya olan yerdə gözəl günlər olmur, dostlar. Devalvasiya dağıdıcı şeydir, hər şeyi məhv edir.

Sunamidən betər şeydir devalvasiya. Sunami çox hündür binaları su altında qoya bilmirsə, devalvasiya dağ-daş, meşə-filan, göydələn-zad demir, hamısını basır altına.

Devalvasiya göydə uçan təyyarəyə də təsir edir, ağaca qonan, yol qırağında duran quşa da, suda üzən gəmiyə də, balığa da.

Planpozan şeydir devalvasiya. Ev almaq istəyənlərin də planını pozur, maşın satmaq istəyənlərin də, tətilə çıxmağı düşünənlərdin də. Məsələn, elə adam vardı, niyyət eləmişdi ki, gələn ilin yay tətilində Barselonaya getsin, öküz döyüşünə baxsın, indi uzağı Biləsuvara gedə bilər. Fransada keçiriləsi futbol üzrə Avropa çempionatına stadionlarda baxmağa həvəslənən dostlar vardı, niyyətlərindən vaz keçmiş kimi görünürlər. Nə futbola həvəs qalıb, nə gəzməyə. Ona görə ki, ikisinə də pul lazımdır, o da təyyarə bileti alacaq, otel tutacaq, matçlara bilet bronlayacaq gücdə deyil.

Minlərlə gənc toy-nişan söhbətini təxirə salıb, ta o həvəsdə deyillər. Söhbət cinsi həvəsdən getmir, sadəcə, gənclər ağıllıdır, məsuliyyətlidir, anlayırlar ki, ilin-günün bu vaxtında ailə qurub özlərini əlavə dərdə, möhnətə salmasınlar.

Baxırsan, adamın yazığı gəlir. Uzun illər öncə biz indiki gəncləri beşikdə görəndə, kişilənib bələklərinə 10-20 dollar (o vaxt da devalvasiya vardı) qoyar, deyərdik ki, şanslı cocuqdur, bu yekələnə qədər əksər problemlər həll olunacaq, kasıblıq, işsizlik, müharibə, inflyasiya, bahalıq görməyəcək.

Amma sən saydığını say, gör OPEK nə sayır. Budur, o bəxtəvər cocuqlar gözlərini sayta, televizora dikiblər, neftin qiymətini, dolların məzənnəsini izləyirlər.

İndi durub “gözəl günlər görəcəyik, cocuqlar” deyə mahnı oxuyan olsa, adama arsız deyərlər. İndiki gənclər o qədər romantik, sadəlövh deyillər, başa düşürlər ki, korrupsiya, inhisarçılıq, büdcətalama, səriştəsizlik, korafəhimlik olan yerdə gözəl günlər olmur.

O biz idik, deyirdilər, kommunizm quracağıq, inanırdıq; deyirdilər, müstəqil olandan sonra hər şey yaxşı olacaq, inanırdıq; deyirdilər, neft layihələri mənfəət gətirəndən sonra ölkə Küveytə dönəcək, ona da inanırdıq.

Yadımdadır, 90-cı illərin əvvəlində ölkəmizin Küveytə dönəcəyi barədə gedən söhbət zamanı yol mühəndisi olan kəndçilərimizdən biri dedi ki, bu ağılla biz Küveytə dönən deyilik, olsa-olsa küvetə düşəcəyik. Əvvəlcə bir şey başa düşmədik, amma sonra mühəndis qardaş izah etdi ki, magistral yolların kənarında su axması üçün nəzərdə tutulan arxlara küvet deyirlər.

İndi o küvetdəyik, əziz həmvətənlər. Küveyt söhbəti fıs çıxıb.

musavat.com