Lady Radio 1 yaşında Red Party keçirdi

lady-radio-1-yasinda-red-party-kecirdi
Oxunma sayı: 658

Maraqlı çıxışlar, viktorinalar, musiqi ilə yadda qalacaq tədbirdə xüsusi dress kod seçilmişdi. Belə ki, tədbirə dəvət alan xanım və bəylərin geyimi üzərində mütləq qırmızı element olmalı idi.

Radionun təsisçisi İlhamə Novruzova tədbirdə bildirdi: “Lady radio” fəaliyyət göstərdiyi 1 il ərzində hər zaman qadın hüquqlarının müdafisəsinə, qadınların ictimaiyyətdə aktivliyinin artırılmasına yardımçı olub. Radiomuzun məhz 8 martda yaranması da təsadüfi deyil. Lady Radionun sloqanı budur: “Biz dünyaya zəif deyil, yalnız zərif olduğumuzu sübut edəcəyik”. Bunu hər gün əməli ilə sübut edən bir sıra xanımlarımızı bu səbəbdən xüsusi diplomlarla təltif etmək istəyirik”:

Tədbirdə iştirak edən millət vəkili, Respublika Uşaq Təşkilatının sədri Gülər Əhmədova “Qadın və uşaq hüquqlarının ən yaxşı müdafiəçisi” mükafatına layiq görülüb. Mükafatı təqdim edən Lady radionun rəhbəri İlhamə Novruzova çıxış edərək Gülər Əhmədovaya xüsusi təşəkkürünü bildirib: “Gülər xanım həqiqətən də bir ictimai-siyasi xadim kimi, ən əsası bir ana kimi cəmiyyətdə özü sözünü deməyi bacarmışdır. Respublika Uşaq Təşkilatının sədri kimi Gülər xanım artıq uzun illərdir ki, kimsəsiz uşaqların, valideyn himayəsindən kənarda qalmış körpələrin qayğı və diqqətlə təmin edilməsində gərgin əmək sərf etməkdədir. Təkcə uşaqlarla bağlı deyil, həm də qadın məsələləri ilə bağlı da Gülər xanımın Milli Məclis tribunalarından kəskin çıxışlar etdiyini hamımız zaman-zaman görmüşük. Mən özüm həmişə dəfələrlə öz dərdi-sərimi Gülər xanımla bölüşmüşəm, ondan dəyərli məsləhətlər almışam. Gülər xanım Əhmədova bütün Azərbaycan qadınları üçün bir məsləhət yeridir, təsəlli yeridir. Mən Gülər xanıma bu müqəddəs fəaliyyətinə görə dərin təşəkkürümü bildirirəm və ona bu mükafatı təqdim etməkdən qürur duyduğumuzu bildirirəm”.

Daha sonra millət vəkilləri Qənirə Paşayeva, Jalə Əliyeva, Sevinc Hüseynova, Gövhər Baxşəliyeva, Hesablama Palatasının auditoru Mehriban Alışanova , “Azərbaycan qadını” layihəsinin rəhbəri Mahirə Əsədova, Lady radionun yaranmasına verdiyi xüsusi dəstəyə görə “Təmiz dünya” Qadınlara yardım İB sədri Mehriban Zeynalova, teleaparıcılar Vəsilə Vahıdqızı, Samirə Mustafayeva, Nərgiz Cəlilova, Lətafət Ələkbərova, Araz FM radiosunun direktoru Vüsalə Kərimova, Park Bulvar AVM – nin PR meneceri Günay Malikqızı, ANSPRESS – in mədəniyyət üzrə müxbiri Zülfiyyə Qurbanova ilin fəal xanımları kimi Lady Radio və “Boxça” studiyası tərəfindən diplom və hədiyyələrə layiq görülüblər.

Neon Palace-da gənclər təşkilatları, həmçinin QHT, media və ictimaiyyət nümayəndələrinin dəvət aldığı tədbirdə Nadir Qafarzadə, Elnur Məmmədov, Ayaz Qasımov, Zabir Əliyev, Nüşabə Ələsgərli, “Cahan” qrupu, Yaşar şux mahnıları ilə tədbirə xüsusi rövnəq qatdılar.