Lavrovdan Qarabağ şərhi - “Əlavə vaxt tələb olunur”

lavrovdan-qarabag-serhi
Oxunma sayı: 1276

“ATƏT-in Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində sıx əməkdaşlıq edirlər. Onlar artıq Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri ilə görüşüblər. Yeni əlaqələr hazırlanır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Rusiya Xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakla birgə mətbuat konfransında deyib.

Lavrovun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri yalnız dialoq üçün şərait yarada bilərlər: “Bu barədə qərar əlbəttə ki, tərəflər arasında birbaşa danışıqlarda verilməlidir. Bunun üçün əlavə vaxt tələb olunur”.

Xatırladaq ki, Azərbaycan və Ermənistan Xarici işlər nazirləri E. Məmmədyarovla Z. Mnatsakanyanın sonuncu görüşü yanvarın 16-da Parisdə baş tutub.

Prezident İlham Əliyev Baş nazir Nikol Paşinyanla yanvarın 22-də İsveçrədə Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşüb. 1,5 saat davam edən qeyri-rəsmi görüşdə Dağlıq Qarabağ münaqişəsinin hazırkı danışıqlar prosesinin vəziyyəti və gələcək müzakirələr barədə fikir mübadiləsi aparılıb.