Legionerləşən milli

legionerlesen-milli-
Oxunma sayı: 1228

Elsevər Məmmədov

Bakıda keçiriləcək 17 yaşlılar arasında Avropa çempionatı diqqət mərkəzinə düşməyi bacardı. Buna səbəb gələcəyin ulduzlarının paytaxtımıza təşrif buyurmasıdır.

Dünyaya bir neçə ulduz bəxş edən bu çempionatda hamımız üçün ən maraqlısı isə Azərbaycan yığmasının çıxışıdır. Belçika, Portuqaliya və Şotlandiya kimi komandaların qrupunda yer alan millimizin növbəti mərhələyə vəsiqə qazanacağı inandırıcı görünmür. Portuqaliyanın heyətinə nəzər saldıqda dünyanın ən böyük futbol məktəblərindən olan “Porto”nun yetirmələrini görürük. Prineylilərin heyətində “Mançester Yunayted”, “Yuventus” kimi klubların üzvləri də var. Belçikalıların heyətində isə “Ayaks”, “Monako”, “Mançester Yunayted”, “İnter” (Milan) kimi klubların şərəfini qoruyan futbolçular oynayır. Qrupumuzda millimiz üçün “dişinə görə” rəqib sayılan Şotlandiyanın heyətində İngiltərə çempionatında çıxış edən komandaların oyunçuları top qovur.

Azərbaycan millisinin heyəti kimlərdən ibarətdir?

Baxışa çağırılıb seçilən futbolçulardan. Millimizin çalışdırıcısı Təbriz Həsənov bir neçə gün öncə gülməli açıqlama ilə diqqət mərkəzinə düşmüşdü. Məşqçi komandamıza dəvət olunacaq yeni futbolçularla bağlı suala belə cavab vermişdi: “Azərbaycandan kənarda bizim 4 oyunçumuz var. Onlar “Beşiktaş” və “Trabzonspor”da çıxış edirlər. Planımız var ki, daha 3 oyunçu gətirək. Onlardan testlər də götürəcəyik. Ancaq bizə uyğun olmasalar, onlar geri göndəriləcək. Bəzi oyunçularımız idman formasından uzaq düşüblər. Güclü rəqiblərlə qarşılaşacağıq. Onlara qarşı oynaya biləcək heyət qurmağa çalışırıq. Məqsədimiz qrupdan çıxmaqdır”. Artıq dünya futbolunda klublarda belə baxışa futbolçu çağırmaq məsələsi yığışdırılıb. Çünki baxışa çağırılan futbolçuların əksəriyyəti lazım olan səviyyədə çıxış etmirdi. Amma Azərbaycan millisi hələ də baxışa futbolçu çağırır. Özü də aşağı yaş qruplarına. İllərdir ölkə futboluna yatırılan maliyyə, “2005-2015-ci illərdə futboluna inkişafına dair dövlət proqramı” olsa da, sonra 17 yaşlılar, gənclər arasında belə Avropa çempionatında ölkəmizi legionerlər təmsil edəcək. Bu qədər legionerlər dəvət olunmasına baxmayaraq milli komandamızın ən perspektivli futbolçusu sayılan “Qəbələ”dən çağırılan Fərid Nəbiyevdir. Fikrimcə, aşağı yaş qruplarında Fərid kimi bir neçə futbolçu mövcuddur. Lakin bütün millilərimizdə olduğu kimi yenə də Elxan Məmmədov Almaniyada və digər ölkələrdə oynayan türkləri heyətə qatmaqda davam edir.

Millimizin son heyətində isə legionerlərin sayı belədir:

Atlam Ege –“ Beşiktaş” (Türkiyə) Seyliğli Hüseyin – “Beşiktaş” (Türkiyə) Karakaş İsmayil – “Trabzonspor” (Türkiyə) Ekincier Barış – “Rot-Weiss Essen” (Almaniya) Güler Metin – “Beşiktaş” (Türkiyə) Öksüz Doğukan – “Trabzonspor” (Türkiyə).

Reynaldonu 5 ildir ki, Azərbaycanda oynamadığına görə milliləşdirə bilməyən AFFA görəsən baxışa çağırdığı futbolçuları necə milliləşdirib?