Ləman Mirşahinin yeni televiziyasından danışdı

leman-mirsahinin-yeni-televiziyasindan-danisdi
Oxunma sayı: 13787

Xəbər verdiyimiz kimi, Mirşahin Ağayev özünə yeni televiziya açır. ANS-in tanınmış simaları Ləman Ələşrəfqızı, Azadə Balayeva, Afət Telmanqızı və bir sıra aparıcıların yer aldığı "REAL TV"nin yaxın günlərdə fəaliyyətə başlayacağı bildirilir.

"Qafqazinfo" xəbər verir ki, artıq "Facebook"da televiziyanın rəsmi səhifəsi də açılıb. Əldə etdiyimiz məlumata görə, "REAL TV" bir müddət internetdən, daha sonra peyk yayımına keçəcək.

Ləman Ələşrəfqızı Modern.az-a açıqlamasında yeni telekanala getdiyinə görə “Azərxalça”dakı işindən ayrılacağını bildirib:

“Mənə təklif gəlib və mən həmin televiziyaya gedirəm. Mən jurnalistikaya bağlıyam, jurnalistika üçün darıxıram. Mətbuat katibliyində özümü tapa bilmədim. Təki işlərimiz “REAL”laşsın. Hər şey qaydasında olacağı təqdirdə tamaşaçılarımız bizi yenidən görə biləcəklər”.

Qeyd edək ki, bir müddət əvvəl "Qafqazinfo"da ANS-in vitse-prezidenti Mirşahin Ağayevin internet televiziya açması ilə bağlı xəbər yayımlanmışdı. Məlumatda kollektivin sınaq çəkilişlərinə başladığı qeyd edilirdi.