“Azərişıq”dan Lənkərandakı insidentlə bağlı - Açıqlama

azerisiqdan-lenkerandaki-insidentle-bagli
Oxunma sayı: 1637

Xəbər verdiyimiz kimi, Lənkəran rayonu, H. Aslanov küçəsində elektrik naqillərinin şəbəkədən ayrılması üçün  “Azərişıq” ASC-nin əraziyə göndərilən işçiləri ilə yerli sakinlər arasında mübahisə yaranıb. Hadisə zamanı  bir qrup şəxs quruma məxsus avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Azərişıq” ASC-nin qəza xidmətinin əməkdaşları həmin əraziyə elektrik xətlərinin təmiri və borclu abonentlərə elektrik enerjisinin təchizatının dayandırılması üçün göndərilib.

“Briqada üzvləri işləri yekunlaşdırıb nahar edərkən 2015-ci ildən qalan borcuna görə elektrik enerjisi ilə təchizatı dayandırılmış abonent küçədə dayanmış avtomobil texnikasına-“Qazel” markalı qaldırıcı krana od vurub. Avtomobilin mühərrik hissəsində başlamış yanğın sakinlərin də köməyi ilə söndürülüb. İnsident zamanı avtomobilin yanında “Azərişıq” ASC-nin işçilərindən heç kim olmayıb və bu insidentin mübahisə zəminində baş verməsi haqda məlumatlar doğru deyil.

“Azərişıq” ASC borcunu ödəmək əvəzində bu cür aqressiv hərəkətə yol verib şirkətin texnikasına ziyan vuran həmin abonentlə bağlı akt tərtib edərək hüquq- mühafizə orqanlarına təqdim edib”, - deyə T. Mustafayev vurğulayıb.