Lənkəranda beynəlxalq soyqırımı haqda konfrans keçirilir - Fotolar

lenkeranda-beynelxalq-soyqirimi-haqda-konfrans-kecirilir
Oxunma sayı: 651

Lənkəran şəhərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti, AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyətinin Atatürk Araşdırma Mərkəzi (ATAM) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda IV Beynəlxalq elmi konfrans işə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, dünyanın müxtəlif ölkələrindən tədqiqatçıların qatıldığı beynəlxalq konfransda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Elmi konfransı Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov açaraq konfrans iştirakçılarını salamlayıb. O, Beynəlxalq Lənkəran konfransının mühüm tarixi əhəmiyyət daşıdığını söyləyib.

Konfransda Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən dəhşətli soyqırımına məruz qalmış xalqlarındandır: “Bu gün Azərbaycan alimlərini narahat edən dünya ictimaiyyətinin bizim həqiqətləri görmək istəməməsidir. Azərbaycan alimlərinin əsas məqsədi ölkənin və xalqın real tarixini öyrənib gerçək şəkildə gələcək nəsillərə çatdırmaqdan, yalançı, saxta erməni təbliğatının qarşısının alınmasından və obyektiv həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir”.

Plenar iclasda həmçinin Türkiyə Respublikasının Nazirlər Kabinetinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun başqanı, professor Derya Örs, Türkiyənin keçmiş təhsil naziri, Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (YTSAM) rəhbəri, professor Həsən Cəlal Gözəl, Türk Tarix Qurumunun başqanı, professor Refiq Turan, Rusiyanın Tarix, İqtisadiyyat və Hüquq Elmi-Tədqiqat İnstitutunun prezidenti, professor İqor Turitsın və başqaları çıxış ediblər.