Lənkəranda sel yuyan körpü yenidən istifadəyə verilib

lenkeranda-sel-yuyan-korpu-yeniden-istifadeye-verilib
Oxunma sayı: 1918

Lənkəran rayonunun Əşlə kəndində ötən ilin oktyabr ayında sel sularının yuduğu körpü yenidən tikilərək istifadəyə verilib. Fevralın 12-də körpünün açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, müvafiq qurumların rəhbərləri və kənd sakinləri iştirak ediblər.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə çıxış edən İcra başçısı T.Qaraşov əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik edərək onlara xoş arzularını çatdırıb. 

T.Qaraşov rəmzi qırmızı lenti kəsdikdən sonra tədbir iştirakçıları və kənd sakinləri yeni körpünün üstündən keçiblər.

Qeyd edək ki, Əşlə kəndini Lənkəran şəhəri ilə 15 kilometrlik məsafə birləşdirir. Yeni tikilmiş körpü dörd yaşayış məntəqəsini – Mollakənd, Siyobili, Rvo və Əşlə kəndlərini birləşdirməklə yanaşı, həm də yerli sakinlərin Lənkəran-Lerik avtomobil yoluna çıxışını təmin edir.

 Uzunluğu 40, eni 4,5 metr olan  dəmir-beton konstruksiyalı, üç aşırımlı körpünün yükgötürmə qabiliyyəti 50 tondur.

Texniki işlər qurularkən bütün kriteriyalar nəzərə alınıb. Körpünün altında, çay məcrasında  monolit-beton bünövrə tökülüb. Bünövrəyə əlavə dəmir borular qoyulub, yeni inşa olunmuş dayaqlar körpünün altındakı aşırım tirlərinə bərkidilib. Bu da bünövrənin sel daşqınlarından sıradan çıxmasının qarşısını alacaq. Betonlama işlərindən sonra körpünün üstü asfaltlanıb.