Lənkəranda seminar-müşavirə keçirilib

lenkeranda-seminar-musavire-kecirilib
Oxunma sayı: 2391

Bu gün Lənkəranda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK), Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər:ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə DQİDK-nin, QMİ-nin məsul işçiləri, dini icma sədrləri, ictimaiyyətin və KİV-lərin nümayəndələri iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Toplantıda çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayaraq rayonda dini zəmində heç bir problemin olmadığını, məscidlərdə dini mərasimlərin keçirilməsi üçün lazımı şəraitin yaradıldığını diqqətə çatdırıb.

Seminar-müşavirədə çıxış edən DQİDK-nin sədri Mübariz Qurbanlı İslam dünyasının bir parçası olan Azərbaycanda milli-mənəvi irsimizin qorunması, təbliği, tədqiqi və onun gələcək nəsillərə ötürülməsi istiqamətində görülən ardıcıl tədbirlərdən danışaraq İslam dininin milli-mənəvi dəyərlərimizdə, adət və ənənlərimizdə, həyat tərzimizdə dərin izlər buraxdığını bildirib.

Azərbaycanda milli ruhun yüksəlməsində ulu öndər Heydər Əliyevin böyük xidmətlərinin olduğunu qeyd edən Komitə sədri dövlət müstəqilliyimizin bərpasından sonra Ümummilli Liderin ölkəmizdə formalaşdırdığı Azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə çıxışında qeyd edib ki, ölkəmizin cənub bölgəsinin əhalisi həmişə dövlətimizə və dövlətçiliyimizə, milli-mənəvi dəyərlərimizə, adət və ənələrimizə sadiq olublar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.