Ləyaqətli olmaq şansı

leyaqetli-olmaq-sansi
Oxunma sayı: 3615

Şərif Ağayar

Bu yaxınlarda aprel şəhidi, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovla bağlı maraqlı bir söhbətdə iştirak eləmək şərəfinə nail oldum.  

Vaxtıyla Murovdakı kəşfiyyat xidmətində onun rəisi olmuş, kapitan Fərşidov edirdi bu söhbəti. Deyirdi, Orucov çox dəyərli bir zabit idi. Bunu hamı bilirdi və bunu hamı bilə-bilə Raquf Orucov iki il taqım, beş il bölük komandiri olaraq qaldı. Bu, dünya praktikasında görünməmiş hadisə idi. Onun əlinə su tökməyə layiq olmayanlar başının üstündən polkovnik rütbəsinə, qərargah rəisi vəzifəsinə qədər yüksəlmişdilər. 

Kapitan söyləyirdi: Raqufa layiq olduğu rütbəni verərək onu daha yüksək vəzifəyə təyin etmək heç kimin ağlına gəlmirdi, lakin ona böyük rəğbət və ehtiram vardı. Ən çətin işləri onun bir sözü, bir zəngi ilə yerinə yetirirdilər. Çünki təmiz, təmənnasız, ləyaqətli zabit olduğunu bilirdilər. 

Təsadüfi deyil ki, Raquf Orucova “Sənin yanından yel olub keçə bilməyənlər on il bundan əvvəl polkovnik rütbəsi alıb və hər şeyləri var” - deyiləndə gülümsünər, “Rütbəylə deyil, onların heç birinin mənim qədər hörməti yoxdur” - cavabını verərdi. Elə buna görə, zərrə qədər də həvəsdən düşmədən öz təmiz yaşamına davam edirdi. Əgər o, özünün üstün cəhətlərinə hörməti görməsəydi xidmət etdiyi 25 il ərzində tezliklə yorular, usanar, öz ucalığından zərrə-zərrə aşağı düşərdi.    

Mən yazıma başlamaq üçün başqa misal da çəkə bilərdim. Özüm qəsdən ordunu və ordunun ən mürəkkəb, çətin sahəsi olan kəşfiyyatı seçdim. Burda söhbət ölüm-dirim söhbətidir və belə ağır şərtlər altında da insanın təmiz qalması, üstəlik bu təmizliyə, bu ləyaqətə ən azı sözdə yüksək hörmət görməsi unikal nümunədir. 

Təmiz və ləyaqətli insanlara münasibət iki cürdür.

Birincilər, özündə olmayan bu üstün keyfiyyətlərə gizli bir həsəd hissiylə baxır, bu keyfiyyətlərə malik olan insana hörmətlə yanaşmağı özünə borc bilir.

İkincilər, təmiz və ləyaqətli insanların fonunda pis göründüklərinə görə onlara nifrət edir, ciddi-cəhdlə öz səviyyələrinə endirib relyef narahatlığını aradan qaldırmağa çalışırlar. 

Birincilər adi, normal insan, ikincilər təhlükəli varlıqlardır. 

Təmizliyə və ləyaqətə sayğı hissini itirən insan mənəvi cəhətdən rəhmətə getmişdir.

Təmizliyə və ləyaqətə sayğı hissini itirməyən insan, insan olaraq qalmışdır.

Amerikalıların məşhur “Qadın ətri” filmində təqaüdə çıxmış kor polkovnik pul müqabilində ona bir həftə baxmağa gələn gənc tələbə ilə gözlənilməz səfərə çıxır və səfər zamanı bəlli olur ki, gənc tələbənin oxuduğu Ali Siyasi Universitetində çox ciddi problemi çıxıb. O, ən yaxın dostu ilə birlikdə universitetin rektorunu hansısa ictimai tədbirdə bütün müəllim-tələbə heyəti qarşısında üstünə rəngli məhlul tökərək rüsvay edən gəncləri təsadüfən görüb. İndi ondan və dostundan bu qurğunu quranların adını söyləməsi tələb olunur, gənc tələbə isə satqınlıq etməyi özünə sığışdırmır. Davamlı zəng edib onun valideynlərini bir həftə sonrakı toplantıya çağırırlar. Gənc tələbə rektoru rüsvay edən gənclərin kim olduğunu söyləməsə, universitetdən qovulacaqdır.

Bu aqibət hadisəyə şahid olan o biri tələbəni də gözləyir. Lakin o, varlı ailədəndir və ehtimal ki, atası işə qarışıb vəziyyəti nizama salacaq. Bizim qəhrəmanımızsa əlacsızdır, valideynləri uzaqdadır, toplantıya qatılıb ona kömək etmək imkanları yoxdur. 

Böyük italyan aktyoru Al Paçinonun canlandırdığı kor polkovnik məsələdən xəbər tutan kimi dostunun gənc tələbəni satacağını söyləyir. Tələbə inanmır. Çünki bu barədə danışmamaq üçün bir-birinə söz veriblər. 

Bir həftə sonra qurulan məhkəmədə polkovnik deyən olur; vəzifəli atasının müşayiəti  ilə iclasa gələn dostu ayağa qalxaraq gördüklərinin hamısını danışır, uşaqların adını bir-bir çəkir, vəziyyət daha da mürəkkəbləşir. 

Gənc tələbə vurnuxur, şahidi olduqlarını etiraf etmək üçün cəhd edir, ancaq bacarmır. O, yalnız bu cümlələri deyə bilir: Mənim gözlərim zəifdir, uzağı yaxşı seçmirəm, ola bilsin belə bir hadisə olub, lakin mən görməmişəm.

Bəhanə keçmir!

Dünyanın ən böyük və güclü ölkəsinin Ali Siyasət Universiteti sizə zarafat gəlməsin. Burda kimi aldada bilərsən? 

Gənc tələbənin həyatını məhv edəcək qərarın verilməsinə saniyələr qalmış kor polkovnik gözlənilmədən iclas zalına daxil olur, özünü müttəhim kürsüsündə əyləşən tələbənin qohumu kimi təqdim edib çıxış uşun icazə istəyir. Ona söz verirlər və hər şey bundan sonra başlayır.

Polkovnik təntənəli bir nitq söyləyib, universitet rəhbərliyinə gözəl bir sual ünvanlayır: Siz gələcəyin siyasətçisini yetişdirirsiniz və indidən, yaşının ən gözəl çağında onu şərəfsizlik etməyə məcbur edirsiniz? Bu nə deməkdir? Sizin Amerika ilə nə düşmənçiliyiniz var? Gənc tələbə təsadüfən gördüyü hadisənin iştirakçılarının adını söyləməyi özünə sığışdırmır. Bunun adı ləyaqətdir, cənablar! Buna görə insanı cəzalandırmaq yox, alqışlamaq lazımdır. 

Zalda uğultu dolaşır. Bu an təkcə məhkəmə iştirakçılarının deyil, gənc tələbəni cəzalandırmağa hazırlaşan universitet rəhbərliyinin də ona rəğbət bəslədiyini hiss edirsən. Polkovnikin monoloqu bu rəğbət hissinin üzə çıxmasını təmin edir.  

Hansısa vəziyyətdə böyük bir insanla üz-üzə gələ, ona pislik edə, hətta vurub öldürə bilərsən. Həyatda hər şey olur. Lakin içində insanın böyüklüyünə rəğbət hissini itirirsənsə, bu, fəlakətdir. 

Ləyaqətli insanın dəyərini bilmək də bir ləyaqətdir.

Əsl apokalipsis insanlığın böyüklüyünə inamın yox, rəğbət hissinin itdiyi gün baş verəcək.