Leyla Əliyeva Ömər Eldarovun sərgisində - Fotolar

leyla-eliyeva-omer-eldarovun-sergisinde
Oxunma sayı: 2911

Dekabrın 21-də Heydər Əliyev Mərkəzində Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovun 90 illik yubileyi ilə bağlı “Gözəllik və monumentallıq” adlı fərdi sərgisi açılıb.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin açılışında iştirak edib.

Sərgidə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm, mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Sərginin açılışında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov Birinci-vitse prezident Mehriban Əliyevanın Xalq Rəssamı Ömər Eldarova 90 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda Ömər Eldarovun Azərbaycan heykəltəraşlıq sənətinin inkişafında misilsiz xidmətləri vurğulanıb, görkəmli incəsənət xadiminin xalqımızın mənəvi təkamülünə, gənclərimizin estetik tərbiyəsinə mühüm töhfələr verdiyi, Azərbaycanın dahi şəxsiyyətlərinin unudulmaz obrazlarını gözəl abidələrə çevirərək milli heykəltəraşlıq məktəbini zənginləşdirdiyi qeyd edilib. Bildirilib ki, Ömər Eldarov uzun illər ərzində milli mədəniyyətimizin təbliği ilə bağlı böyük səylər göstərib, Azərbaycan heykəltəraşlıq sənətini bütün dünyada layiqincə təmsil edib, ölkəmizdə yeni sənətkarlar nəslinin yetişdirilməsi, gənc rəssamlarımızın böyük sənətə cəlb olunması və onlarda bədii-estetik zövqün formalaşdırılması işinə xidmət edən pedaqoji fəaliyyət göstərib.

Tədbirdə çıxış edən yubilyar əməyinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Xalq Rəssamı deyib ki, bu günlər onun üçün xüsusilə əlamətdardır. Bir çox mükafatlara layiq görüldüyünü xatırladan Ömər Eldarov vurğulayıb ki, Azərbaycanın ən yüksək mükafatı – “Heydər Əliyev” ordeninə layiq görülməsindən şərəf hissi duyur. 

Sonra görkəmli heykəltəraşın ailəsi adından onun oğlunun yaratdığı rəsm əsasında tərtib edilmiş və yubiley münasibətilə hazırlanmış xatirə hədiyyələri Xalq Rəssamına təqdim olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da görkəmli heykəltəraşı təbrik edib, ona yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

Ekspozisiyada Xalq Rəssamının bürünc, ağac, daş və digər materiallardan hazırladığı 30-dan çox heykəltəraşlıq nümunəsi sərgilənir.