Leyla Əliyeva “Pəncərədən düşən işıq” filmini izlədi - Fotolar

leyla-eliyeva-pencereden-dusen-isiq-filmini-izledi
Oxunma sayı: 2312

Oktyabrın 17-də Nizami Kino Mərkəzində “Pəncərədən düşən işıq” sənədli filminin təqdimat mərasimi olub.

“Qafqazinfo” AzərTac-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva mərasimdə iştirak edib.

Çəkilişləri Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə həyata keçirilən filmin nümayişindən əvvəl Leyla Əliyeva, ekran əsərinin ssenari müəllifi və rejissoru Oleq Şommer, filmin qəhrəmanlarından biri olan Vüsalə Kərimova səhnəyə çıxıblar.

Filmin üzərində təxminən bir il işlədiklərini diqqətə çatdıran Oleq Şommer deyib ki, bu, onlar üçün təkcə film çəkilişləri olmayıb, bu ekran əsərinin yaradılmasında iştirak edən hər kəs ona öz qəlbinin bir parçasını qoyub. “İdeya Leyla Əliyevanın “Əgər hər kəs özünü yaxşı insan hesab edirsə, niyə ətrafda bu qədər pislik var?” sualından yarandı”, - deyən rejissor qeyd etdi ki, filmin mövzusu olan Xeyir və Şər əbədi mövzudur. İnsanlar hər zaman Xeyirlə Şərin qarşıdurmasında Xeyirin necə qalib gəlməsini düşünüblər. Dünyanı bürüyən təcavüzkarlığın artıq həddi keçdiyini qeyd edən Oleq Şommer məhz buna görə bu mövzuya müraciət etdiklərini bildirdi. O dedi ki, filmin qəhrəmanları Şərlə mübarizə aparır və çox hallarda qalib gəlirlər. Lakin “ruhun xərçəngi” kimi bir anlam var və ona qalib gəlmək o qədər də asan deyil, çünki onun heç bir resepti yoxdur. Bu zaman isə filmin qəhrəmanları olan uşaqlar həyatın çətinlikləri ilə üz-üzə gələrək böyüklərin qarşısında cəsarət, nikbinlik və müdriklik nümunəsi göstərirlər.

Filmin qəhrəmanlarından birinin səhnədə dayanan Vüsalə Kərimova olduğunu deyən rejissor qeyd edib ki, bu qızda olan həyatsevərlik hamı üçün nümunədir. Oleq Şommer filmin nümayişindən əldə edilən vəsaitin həm də bu filmə bu gün zalda tamaşa edən uşaqların müalicəsinə sərf olunacağını vurğulayıb. Rejissor Heydər Əliyev Fonduna və Bakı Media Mərkəzinə xüsusi təşəkkürünü bildirib.

Təqdimat mərasimində çıxış edən filmin ideya müəllifi və baş prodüseri Leyla Əliyeva ekran əsərinin əhəmiyyətindən danışıb: “Bu filmin Xeyir və Şər haqqında olduğunu demək istəmirəm, film Xeyir haqqındadır. Ona görə ki, dünyada ən böyük qüvvə - sevgi, xeyir və inamdır. Bu filmi hər kəs özünün istədiyi kimi qəbul edəcək. Ümidvaram ki, hər kəs orada özünə aid olan məqamlar görəcək”, - deyən Leyla Əliyeva heç kəsin heç bir cəhətdən başqalarından yaxşı və ya pis olmadığını vurğulayıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti əminliklə söyləyib ki, hər kəsin bu həyatda öz rolu var və biz kiməsə kömək edəndə özümüzə kömək edirik. Eyni qayda ilə biz kimisə hətta fikrən də olsa incidəndə, ilk növbədə, özümüzü incidirik. Film üzərində işləyənlərə minnətdarlığını bildirən Leyla Əliyeva hamını ekran əsərini izləməyə dəvət edib.

Filmin süjet xətti Xeyir və Şər üzərində qurulub. Xeyir və Şərin əbədi qarşıdurmasında Xeyirin qalib gəlməsi üçün nə etmək lazımdır? Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar. Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda hər gününü yaxşılıq etməklə başlayan, bununla da “iblislər”in yenidən ona hakim olmamasına çalışan şəxsi görürük. Eyni zamanda, filmdə həkimlər uşaqları onkoloji xəstəlikdən xilas edərək aydın şəkildə Şərlə mübarizə aparırlar və çox hallarda qalib gəlirlər.

Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, normal həyat tərzi yaşayır: ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə əsərləri 50 dilə tərcümə olunan fransız yazıçı və dramaturq Erik Emmanuel Şmittin həyatı dəyərləndirməyə dair müsahibəsi də yer alıb. Beləliklə, film həyatın həqiqi dəyərlərindən bəhs edərək, hər kəsin Şərə qarşı bir peyvənd vurdura biləcəyi, “həyatı daha gözəl etmək hər birimizin əlindədir” fikrini çatdırır.