Leyla Əliyeva Tofiq Quliyevin 100 illik yubiley gecəsində - Fotolar

leyla-eliyeva-tofiq-quliyevin-100-illik-yubiley-gecesinde
Oxunma sayı: 3246

Noyabrın 7-də Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli bəstəkarı, Xalq Artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubiley gecəsi keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yubiley gecəsində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, tədbir Heydər Əliyev Fondu tərəfindən Azərbaycan  Prezidenti İlham Əliyevin “Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun olaraq təşkil edilib.

Mərasimdən əvvəl Xalq Artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti Firəngiz Əlizadə Tofiq Quliyevin Azərbaycan musiqi mədəniyyətinə töhfələri barədə fikirlərini jurnalistlərlə bölüşüblər. 

Qeyd edək ki, Heydər Əliyev Fondu yubileylə əlaqədar Xalq Artisti Tofiq Quliyevin yaradıcılığına həsr olunan “Musiqidə döyünən ürək” adlı multimedia toplusu hazırlayıb.

Yubiley gecəsindən əvvəl Heydər Əliyev Mərkəzinin foyesində multimedia toplusunun təqdimat mərasimi keçirilib. Layihənin rəhbəri, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov topluda Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyevin yaradıcılığının geniş təhlil edildiyini və bəstəkar haqqında görkəmli şəxsiyyətlərin fikirlərinin, xatirələrinin yer aldığını bildirib.

Daha sonra Heydər Əliyev Mərkəzinin Auditorium zalında təntənəli mərasim başlayıb. Əvvəlcə bəstəkarın oğlu, kinorejissor və ssenarist, Xalq Artisti Eldar Quliyev və qızı, yubiley konsertinin bədii rəhbəri Lalə Quliyeva çıxış edib.

Çıxışlardan sonra Xalq Artisti Tofiq Quliyevin ömür yolundan və yaradıcılığından bəhs edən qısametrajlı sənədli film nümayiş etdirilib.

Filmdə Tofiq Quliyevin Azərbaycan musiqisindəki əvəzolunmaz rolundan, 200-dən çox bir-birindən gözəl və yaddaqalan mahnıların müəllifi olmasından, 40-dan çox kinofilmə musiqi bəstələməsindən bəhs edilir. Onun geniş yaradıcılığının yalnız bəstəkarlıq fəaliyyəti ilə məhdudlaşmadığı, eyni zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan estrada və caz musiqisinin banilərindən biri olduğu qeyd edilir. 

Konsert proqramında bəstəkarın müəllifi olduğu mahnılar, kinofimlərə yazdığı instrumental musiqilər, caz musiqiləri, simfonik orkestr üçün əsərləri ifa olunub. Yubiley gecəsində Tofiq Quliyevin məşhur, dillər əzbəri olan mahnıları ilə yanaşı, uzun müddətdir səslənməyən kompozisiyaları da təqdim edilib.

Konsertdə Xalq artistləri Fidan və Xuraman Qasımovalar, Azər Zeynalov, Samir Cəfərov, Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə, Əməkdar artistlər Aygün Bəylər, Azərin, Tünzalə Ağayeva, Sərxan Sərxan, İlqar Muradov, Emil Əfrasiyab, Elçin Əzizov, İsfar Sarabski, rusiyalı vokalçı Yana Melikayeva, tarzənlər – Əməkdar Artist Sahib Paşazadə, Şəhriyar İmanov, nağara ifaçısı Emin Cəbrayılov, skripkaçılar Elvin Qəniyev, Ceyla Seyidova, həmçinin Xalq Artisti Rauf Abdullayevin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, “Qaya” ansamblı, “Natiq” ritm qrupu və “Qaytağı” qrupu çıxış ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bəstəkarın oğlu, Xalq Artisti Eldar Quliyev və qızı Lalə Quliyeva ilə görüşüb.

Leyla Əliyeva yubiley gecəsinin yüksək səviyyədə təşkil edildiyini, gecədə səslənən əsərlərin Tofiq Quliyevin yaradıcılığının parlaq nümunələri olduğunu, bu əsərlərin hamı tərəfindən sevildiyini deyib.