Leyla Əliyevanın təşəbbüsü ilə ağacəkmə aksiyası - MDU-nun Botanika bağında

leyla-eliyevanin-tesebbusu-ile-agacekme-aksiyasi
Oxunma sayı: 653

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə aprelin 25-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Botanika bağında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib. Aksiyada RAGB-nin fəalları iştirak ediblər.

"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, MDU-nun Botanika bağında 2013-cü ildə yaradılmış dərman bitkiləri bölməsinə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından zeytunkimilər fəsiləsindən olan Birgöz, Yapongülü və s. dərman kolları hədiyyə edilib. Azərbaycanda geniş yayılmış bu bitkilərdən xalq təbabətində istifadə olunur.

MDU-nun Botanika bağının Rusiya hökumətinin dəstəyi ilə yaradılan dərman bitkiləri bölməsində 150-dən çox bitki toplanıb. Onların arasında xalq təbabətində geniş istifadə olunan bitkilərlə yanaşı, nadir bitki və kol növlərinə də rast gəlinir.