Leyla Şıxlinskayanın baş mühasibi özünü təqsirli bilməyib

leyla-sixlinskayanin-bas-muhasibi-ozunu-teqsirli-bilmeyib
Oxunma sayı: 1336

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə məhkəmə istintaqı başlayıb. 

Dövlət ittihamçısı Fərid Nağıyev ittiham aktını elan edib, təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Proses dekabrın 26-da davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. 

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. 

Qeyd edək ki, Şıxlinskayanın işçiləri Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Murad Əhməd