Leysan nəticəsində çaylarda sululuq artıb

leysan-neticesinde-caylarda-sululuq-artib
Oxunma sayı: 635

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 20-si gündüzdən 21-i səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı açıqlama yayıb.

"Qafqazinfo"ya daxil olan məlumatda bildirilir ki, iyunun 20-si axşam şimal və qərb rayonlarından başlayaraq iyunun 21-i səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli olub, dolu düşüb, güclü şimal-qərb küləyi əsib. Yağan leysan yağış nəticəsində çaylarda sululuq artıb.

Düşən yağıntının miqdarı Böyük Qafqazda 4-36, Qazax-Gəncə zonasında 1-30, Mərkəzi-Aran rayonlarında   11-20, Lənkəran-Astara zonasında və Naxçıvan MR-da 1 mm təşkil edib, Sumqayıtda da yağış müşahidə olunub. 

Göygöl, Daşkəsən, Goranboy rayonunun Qaraçinar, Zeyvə, Şəfəq kəndləri,  Ağstafa, Naftalan, Gədəbəy, Daşkəsən rayonunun Quşçular kəndinə dolu düşüb. 

Şimal-qərb küləyi Daşkəsən, Ağstafa, Şəmkir, Qazıməmməd, Tərtər, Gəncə, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda arabir güclənib.