“Lider”in bu serialı tənqid olundu - “Kanalın “HD” çıxışı yoxdur”

liderin-bu-seriali-tenqid-olundu
Oxunma sayı: 8822

Lider TV-də yayımlanan “Ümid yeri” adlı serial sosial şəbəkələrdə müzakirə mövzusuna çevirilib. “Qafqazinfo” xəbər verir ki, 15 bölümü yayımlanan layihə “facebook” istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. 

Belə ki, serilda texniki avadanlıqların zəifliyi, ssenari qıtlığı, qeyri-peşəkar şəxslərin cəlb edilməsi kimi məsələlər sərt tənqid edilib. Hətta, "Ümid yeri"nin quruluşçu rejissoru Anar Məmmədəliyev "facebook"da  tənqid edənlərə cavab yazaraq onları söhbətə çağırıb və onun bu addımı istifadəçilər tərəfindən sərt tənqid olunub. 

Həmçinin, hər gün təxminən 40 dəqiqə ərzində efirdə yayımlanan ekran işində tanış simalardan Aysel Nazim, Rəşad Kəsəmənli  də rol alıb. 

“Qafqazinfo” sözügedən serialın quruluşçu rejissoru Anar Məmmədəliyevlə əlaqə saxlayıb.  Rejissor sosial şəbəkədə yazılan tənqidlərə belə cavab verib:

“Sözsüz ki, xalqın gözü tərəzidir. Haqlı tənqidlərdən nəticə çıxarmaq lazımdır. Tənqid ayıb bir şey deyil. Kino aləmində də tənqidçilər var. Ancaq təhqir və yersiz müdaxilələr də olur. Məni bu tip insanlar qıcıqlandırır. Texniki səhvlərin izahatını belə verim. Bizim əməkdaşlıq etdiyimiz kanalın “HD” çıxışı yoxdur. Görüntü və keyfiyyət baxımdan çox tənqid edirlər, başa düşürük. baxırlar. Loru dildə desək,  “HD” versiyasında kadrların keyfiyyəti güzgü kimi görünür.

Kanalın “HD” çıxışı olmadığından görüntüyə texniki səhv kimi yanaşırlar. Montajda, aktyorların dialoqunda səhvlər ola bilməz. Bu mənim ilk işim deyil, ali təhsilim var. Bundan əvvəl, Space TV-də yayımlanan “Səadət” serialını çəkmişəm. Artıq dövlət tərəfindən seriallara ayrılan maliyyə dayandırılıb və bu işə birbaşa təsir edir. Serialı öz gücümüzə çəkirik. Bir də onu qeyd etmək istərdim ki, səhifələrdə yazırlar ki, qeyri-peşəkardırlar. Onlar bir çox məşhur seriallara diqqətlə baxsalar, orada da texniki səhvlərin olduğunu görəcəklər. Məşhur simalara baxıb aldanırlar. Hansı ki, o rejissorların ali təhsili yoxdur ”. 

Bu məqamda bildirək ki, Lider TV mövzu ilə bağlı açıqlama verməkdən imtina edib.