Liftdəki faciəyə görə daha 1 nəfərə cinayət işi açıldı

liftdeki-facieye-gore-daha-1-nefere-cinayet-isi-acildi
Oxunma sayı: 981

Bu il oktyabrın 4-də paytaxtın Nəsimi rayonunda liftin qırılaraq şaxtaya düşməsi nəticəsində 1 nəfərin ölməsinə görə başlanan cinayət işinin istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Nəsimi-3” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən idarə olunan 10 mərtəbəli yaşayış binasında liftin 9-cu mərtəbədə qırılaraq şaxtada təmizlik işləri aparan Mahirə Yusifovanın üstünə düşməsi nəticəsində o, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

M.Yusifova cəmiyyətin idarə heyətinin sədri Soltanməcid Əzizovun texniki təhlükəsizlik qaydalarına əməl etmədən verdiyi göstərişi əsasında lift təmir edilərkən şaxtanı təmizləyirmiş. 

İstintaqın ilkin mərhələsində faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb və S.Əzizov təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb olunub.

Daha sonra isə Çingiz Şıxəliyev də təqsirləndirilən şəxs kimi cinayət işinə cəlb olunub. Onların ittiham olunduğu maddə isə daha ağır maddəyə tövsif edilib. 

Hazırda hər iki şəxs Cinayət Məcəlləsinin 222.3-cü (tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilir.

Onların barəsindəki iş Bakı Ağır Cinayətlər Məhkəməsində göndərilib. Məhkəmə istintaqı hakim İradə Həsənzadənin sədrliyi ilə aparılacaq.

Murad Əhməd