“Linzaları məsləhət görmürəm” - 7 saniyəlik möcüzə+Video

linzalari-meslehet-gormurem
Oxunma sayı: 11015

Diqqət, əməliyyat gedir. Kənar şəxslərin girişi qəti qadağandır!

Qapılar aralanır və tam strelizə olunmuş geyimlərlə əməliyyat otağına daxil oluruq. Xəstə gətirilir. Bir az əməliyyat qorxusu, bir az da həyəcan... Axı bu, göz əməliyyatıdır.

Bayırdakılar da narahatdır, tibb bacısı xəstənin yanında əməliyyata girmək istəyən qohumunu zorla qapıdan kənarlaşdırır. 

Və budur - əməliyyat başladı... Bitdi. Cəmi 7 saniyə.

Xəstə əməliyyat stolundan qalxır və çıxır. Eynəyini cibinə qoyub klinikadan uzaqlaşanda əri arxaya dönür:

“Həkim, bu gün evdə iş görə bilər?”

“Qafqazinfo” olaraq bu dəfə göz əməliyyatlarında iştirak etdik və daha sonra göz əməliyyatları, uzaq və yaxını pis görmənin səbəbləri, görmə zəifliyinin dərəcəsi yüksək olan şəxslərdə hamiləlik riskiylə bağlı hər kəsi maralandıran suallara cavab tapmağa çalışdıq. Həmsöhbətimiz oftalmoloq Günay Əliyevadır:

- 2006-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə İşi fakültəsini bitirmişəm. Birinci kursa daxil olandan deyirdim ki, mən oftalmoloq olacağam. Düzü, bu sevginin məndə necə yarandığını da bilmirəm. “Xəzər Qayğıkeşlik Mərkəzi” göz klinikasında həm çalışmışam, həm oxumuşam. Daha sonra ixtisasartırma üçün Hindistana yollandım. Həqiqətən də, Hindistan tibbin, oftalmologiyanın çox inkişaf etdiyi bir dövlətdir. Hazırda isə Amerika Oftalmoloqlar Cəmiyyətinin üzvüyəm. Çalışıram illik görüşlərdə mütləq iştirak edim. Çünki hər il sürətlə inkişaf olur.

- Gözün zəifləməsinə səbəb olan əsas amilləri bir də sizin dilinizdən eşidək.

- Siqaret, ultrabənövşəyi şüalar, sağlam qidalanmamaq, piylənmə - bunlar bizim gözümüzün əsas düşmənidir. Siqaret katarakt əmələ gəlməsinin riskini artırır. Gəlin öz bədənimizi zəhərləməyək. 

- Sağlam qidalanmamağı vurğuladınız. Fikirləşə bilərlər ki, gündəlik qidalanmanın gözə nə kimi mənfi təsiri ola bilər. Top beşliyinizi yaratsaz, göz üçün ən xeyirli qidalar hansılar olar?

- Sağlam qidalanma nəinki göz-qulağa, bizim şüuraltımıza kimi təsir edən bir mexanizmdir. Heyvan mənşəli qidalardan, un məmulatlarından mümkün qədər uzaq durmaq lazımdır. Xəmir xörəklərinin nə gözə, nə də ki, ümumi orqanizmə xeyri var. Qida rasionumuza daha çox bitki mənşəli zülalların daxil olması vacib amillərdəndir. 

Qidalanmada top beşimi yaratsam, birinci yerə tərəvəzləri, xüsusilə də ispanağı qoyardım. Onun tərkibində lutein var və o, göz dibinin görməyə cavabdeh olan mərkəzi üçün vacib rol oynayır. Ümumi götürdükdə isə yaşıl bitkilər gündəlik rasionumuzda olmalıdır. İkinci yerdə isə qarğıdalı və bibəri deyərdim. Daha sonra həftədə ən azı iki dəfə balıq yeyilməlidir. Göz yorğunluğunda, göz dibi üçün balıq yağının önəmi böyükdür. Maye qəbulu… Demək olar ki, bütün xəstələrimə bol maye qəbul etməyi tövsiyə edirəm. Maye gözün yaş pərdəsinin bərpasına kömək edir, telefon və kompüter yorğunluğunu aradan qaldırır. 

- Dünya statistikasına baxsaq, ölkəmizdə göz xəstəliklərinə görə müraciət edənlərin sayı çoxdur, ya az?

- Son zamanlar uşaqlarda uzaqgörmə problemi artıb. Bu, bütün dünyada belədir. Əsas səbəblərindən biri məktəblərdə oxuma yükünün artırılmasıdır. Biz uşaqlardan həddindən artıq çox şey tələb edirik. Valideynlərə tövsiyə edərdim ki, uşaqlarının fiziologiyası üçün idmana xüsusi diqqət ayırsınlar. Dərs sıxlığından asılı olmayaraq uşaqlar minimum 2 saat aktiv həyat tərzi keçirməlidir. 

- Mənim də uzaqgörmə ilə bağlı problemim 10-cu sinifdə başlayıb. Valideynim bütün gün oxumaq və televizora baxmağımdan gileylənəndə həkim kitab oxumağın göz zəifliyinə aidiyyatının olmadığını, sadəcə irsi xarakter daşıdığını demişdi. Ancaq ailəmizdə məndən başqa eynək taxan yoxdur…

- Miopiya - uzağı pis görmə həm də genetik qüsurdur. Ancaq oxumaq, gözün düzgün gigiyenasına əməl etməmək, yəni bütün gün yaxına baxmaq da buna təsir edən əsas amillərdəndir. Ola bilsin ki, gendə belə bir şey var, sadəcə siz üzə çıxmasına şərait yaratmısınız. Bu, təsdiqlənmiş bir araşdırmadır ki, görmə zəifliyi olanların əksəriyyəti çox oxuyan şəxslərdir. 

- Bəs ata və ya anada göz zəifliyi olarsa, övladda eyni xəstəliyin olmasının faizi çox yüksəkdir?

- Çox vacib məqama toxundunuz. Əgər ailədə bir nəfərdə görmə ilə bağlı problem varsa, 50% uşaqda da həmin problem ola bilər. Ancaq hər iki valideyndə olsa, artıq bu 100%-ə gəlib çıxır. Ona görə ailələrdə kimdəsə mənfi, müsbət, astiqmatizm və ya digər görmə qüsurları varsa, mütləq həkimə müraciət etmək lazımdır. Valideynlər vaxtında üstünə düşmürlər. Elə bu gün bir uşağın gözünü yoxlayanda anası dedi ki, onda da görmə zəifliyi var. Uşağı yalnız 8 yaşında müayinəyə gətiriblər. Bu, düzgün hal deyil. Uşaqlar 1 yaşına kimi göz müayinəsindən keçirilməlidir. 

- Həkimlər eynəkdən istifadə edən uşaqları təkcə 18 yaşdan sonra əməliyyat edə biləcəklərini söyləyirlər. Həmin yaşa kimi hər hansısa bir müalicəylə görməni yaxşılaşdırmaq mümkündür?

- Bizim vəzifəmiz 18 yaşına kimi gözün dibinə baxmaq və torlu qişada yaranacaq problemlərin qarşısını almaqdır. Biz sadəcə tam sağlam gözü eynəkdən azad edə bilərik. Eynəklə necə görürsə, əməliyyatdan sonra da görməni elə verə bilirik. Məsələn, eynəklə 40% görən biri əməliyyatdan sonra eynəksiz 40% görəcək. Biz ona 100%-li bir görmə verə bilmərik. Çünki bu, xəstəlik deyil, qüsurdur. Əgər 18 yaşdan sonra buynuz qişanın ölçüləri, torlu qişa tam sağlamdırsa, bu insan 7 saniyə ərzində lazer əməliyyatı ilə eynəkdən azad ola bilər. Valideynləri çox narahat edən bir sual var? Qızı eynəkdən azad olduqdan sonra təbii yolla ana ola bilərmi? Tam əminliklə, bəli! Bu əməliyyatdan sadəcə 6 ay əvvəl və 6 ay sonra hamilə qalmaq olmaz. Bunların hamısı hormonal dəyişikliklərlə bağlıdır. 6 ay  keçdikdən sonra hər şey qaydasında olarsa, xəstə tam fizioloji yolla ana ola bilər. 

- Bir də doğuşdan sonra görmə zəifliyinin yenidən yarana biləcəyini düşünürlər, belə bir ehtimal var?

- Xeyr, sadəcə olaraq biz nəzarətdə saxlayırıq. Əsas odur ki, hamiləlikdən sonra ölçülər əvvəlki vəziyyətinə qayıdır. 

- Yüksək: -9, -10 və daha az görməsi olanların təbii doğuş zamanı kor olma riski varmı? Onlar doğuşu mütləq qeysəriyyə əməliyyatı ilə həyata keçirməlidir?

- Bu da çox vacib məqamdır. Yanlış fikirdir. Torlu qişası tam sağlam olan, aktiv dəlik olmayan qadın göz dərəcəsi -20 də olsa, fizioloji yolla ana ola bilər. Bu, göz dibinin vəziyyətindən asılı bir şeydir, ölçülərlə heç bir əlaqəsi yoxdur. Bəzən gəlirlər ki, ginekoloq təbii doğuşa icazə verməyib, qeysəriyyə əməliyyatına yönəldib. Biz yoxlayıb sənəd veririk ki, fizioloji doğuş üçün heç bir problem yoxdur.

- Torlu qişanı zədələyən əsas amillər hansılardır? Kontakt linzalar gözü nə dərəcədə zədələyir?

- Kontakt linzalar uzun müddət istifadə olunduqda buynuz qişanı zədələyir. Quruluq simptomu verir və qişanın qidalanmasına mane olur. Bundan başqa, infeksiya riski yüksəkdir. Linzaları sevmirəm və məsləhət də bilmirəm. Yaxşı olar ki, görməsində problem olan şəxslər ya eynəkdən istifadə etsinlər, ya da lazer əməliyyatı... Əməliyyatda özünüz də iştirak etdiniz, cəmi 7 saniyə çəkir və xəstə eynəkdən azad olur. İstənilən əməliyyatın riski var. Burada hər şey həkimdən və qərarından asılıdır. Mən istərdim ki, xəstələrimiz daha ayıq olsunlar. Müraciət etdikləri həkimin təhsili, təcrübəsi ilə maraqlansınlar. Bəzən elə olur ki, əməliyyata tam fərqli həkim girir, xəstə heç özü də bunu hiss etmir. 

- Son zamanlar botoks, göz torbalarının götürülməsi, göz qapağı əməliyyatlarının sayı artıb. Bu kimi estetik əməliyyatların gözə ziyanı varmı? 

- Bu sahə üzrə Amerikada təhsil almışam və mühazirələrdə müəllimlərimiz deyirdi ki, botoksu mütləq oftalmoloq vurmalıdır. Çünki gözətrafı əzələləri ondan yaxşı bilən yoxdur. Düzgün hesablanmayan dozanın, səhv nahiyənin seçilməsinin, ucuz preparatdan istifadənin böyük yan təsirləri var. Bu hal göz əzələlərinin iflic olmasına gətirib çıxara bilir. Hazırda ölkəmizdə doza o qədər yüksək seçilir ki, əzələ ümumiyyətlə işləmir və bu da kənardan heç də yaxşı görünmür. Botoks normal bir şeydir və qəbul olunub ki, 25 yaşından sonra hər kəs etdirə bilər. Amma bilməlidilər ki, kim edir, necə edir və nə yeridir. Bizə bəzən təklif edirlər ki, yeni məhsulumuz var. Maraqlanıb görürük ki, adı heç internetdə yoxdur, mənşəyi bilinmir. Ancaq ucuz olduğu üçün salonlarda istifadə olunur. 

- Göz rəngləri ilə bağlı da tez-tez suallar verilir. Hətta hazırda bunun üçün əməliyyata müraciət edənlər də var. Bizdə belə əməliyyatlar üçün müraciət olunurmu, riskləri nələrdir?

- Ailədə bir nəfərin gözü göy, yaşıl və ya digər açıq rəngdədirsə, uşağın göz rənginin belə olması 25%-ə qədərdir. Çünki bu, ressesiv genlərlə keçir. Gözün rənginin dəyişməsi ilə bağlı bir şirkət mənə də əməkdaşlıq təklif etmişdi. Bu zaman xüsusi linzalar göz bəbəyinə yeridilir. Araşdırdım və bu əməliyyatın öz təsdiqini tapmadığını gördüm. Ancaq hazırda dünyanın bir neçə ölkəsində bu əməliyyat olunur. 

- Bildiyimə görə, hətta ananızı da özünüz əməliyyat etmisiz. Həkimlər nadir halda öz valideynlərinin əməliyyatına girir.

- Bəli, iki gözünün də katarakt əməliyyatını etmişəm, hazırda 100% görür. Bizdə xəstələrin sevdiyi bir ifadə var: “Həkim, öz yaxınınız kimi əməliyyat edin”. Mənim üçün xəstə fərqi yoxdur, hamısına eyni məsuliyyətlə yanaşıram. 

- 40 yaşından sonra göz zəifləməsi nəylə bağlıdır? Hətta 80-90 yaşında da 100% görən şəxslər olur.

- 40 yaşından sonra yaxını görmə normal olaraq pozulur. Səbəbi də odur ki, gözdəki büllur zülallar yaş artdıqca şəffaflaşır, hərəkətini itirirlər. Biz həmin xəstələrə ya eynək, ya da ki, əməliyyat məsləhət görürük. Dediyiniz o 90 yaşındakı şəxslər, ola bilməz ki, həm uzağı, həm də yaxını yaxşı görsün. Cavan yaşda uzağı görmə ilə problemi olan şəxslərə 40 yaşından sonra yaxına eynək lazım olmayacaq. 

Günel Hacı

Video: Nərminə Vəliyeva, Nuran Məmmədov