London Bakıdan İrana baxır…

london-bakidan-irana-baxir
Oxunma sayı: 1065


Keçən həftə Böyük Britaniyanın energetika naziri Maykl Fallon Azərbaycana səfər edərək, prezident İlham Əliyevlə görüşdü. Azərbaycan müstəqillik qazandıqdan sonra Böyük Britaniyanın energetika nazirləri Azərbaycana tez-tez səfər edirlər. Bu da onunla bağlıdır ki, Azərbaycanın 20 ildəki ən böyük tərəfdaşı Böyük Britaniyanın nəhəng BP şirkətidir. İngiltərə hökuməti  bu şirkətinin maraqlarını qorumaqla faktiki özünün Cənubi Qafqaz, Mərkəzi Asiya və ümulikdə Avrasiyadakı maraqlarını qorumuş olur. Bunu Mayk Fallonun Bakıda verdiyi açıqlamalardan da hiss etmək olardı.  

Maykl Fallonun Bakıdakı açıqlamalarından ən diqqətçəkiciləri bunlar idi:

- Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllini istəyir. Bu, enerji təhlükəsizliyi üçün də vacibdir;

 

- Böyük Britaniya həm Transxəzər qaz kəməri, həm də TANAP və TAP layihələrinin gerçəkləşməsi istiqamətində Azərbaycanı dəstəkləyir. TANAP və TAP layihələrinin lideri Azərbaycandır, Avropa Birliyi, Böyük Britaniya Azərbaycanı bi istiqamətdə dəstəkləyir;


- Böyük Britaniya İranla münasibətləri inkişaf etdirmək niyyətindədir. Azərbaycanın da İranla əlaqələrinin möhkəmlənməsini, yaxşı olmasını istəyirik. Böyük Britaniya Avropanın neft-qaz təchizatında həm Azərbaycanı, həm də İranı aktiv mövqedə görmək istəyir.

Rəsmi Bakı qərbli rəsmilərin və diplomatların Azərbaycanın ərazi bütövlüyü haqqındakı istənilən açıqlamalarını müsbət qarşılayırlar. Bəziləri Ermənistanın maraqlarına toxunmasın deyə Azərbaycanın ərazi bütövlüyü haqqındakı açıqlama verməkdən yayınırlar, ya da ümumi ifadələr işlədirlər. Ancaq London Cənubi Qafqaz bölgəsində məhz Azərbaycanla əməkdaşlığa önəm verdiyindən və Minsk Qrupu həmsədrliyində təmsil olunmadığından Dağlıq Qarabağ probleminin həllində rəsmi Bakının siyasətini dəstəkləməyə hazırdır.

Böyük Britaniyanın energetika nazirinin Transxəzər qaz kəməri ilə bağlı verdiyi açıqlama isə ondan xəbər verir ki, London Türkmənistanın Azərbaycan və Türkiyə üzərindən Avropaya qaz daşıması mövzusunu aktuallaşdırmaq istəyir. Çünki, Türkmənistan olmadan TAP və TANAP layihələri Avropa Birliyi üçün çox da cazibədar olmayacaq və Avropanın Rusiyanın qaz ixracatından asılılığı davam edəcək. 

Ancaq Türkmənistanın TAP və TANAP layihələrinə soşulması və Transxəzər boru xəttinin tikintisi yalnız Bakının, Ankaranın və Londonun dəstəyindən asılı deyil. Bu məsələnin həllində ümumilikdə Avropa Birliyi və ABŞ fəallıqlarını artırmalı, Aşqabadla danışıqlara start verməlidirlər. 

Və nəhayət, Maykl Fallonun Bakıda söylədiyi sensasiyalı açıqlama İranla bağlıdır. Fallonun sözlərindən aydın olur ki, London İranın neft və qaz yataqlarına maraq göstərir və istəyir ki, nüvə məsələsi tez həll olunsun ki, İran Azərbaycan və Türkiyə ilə birgə regional enerji layihələrindən iştirak etsin. İndiyənə qədər qərbli rəsmilər İranın Avrasiyanın enerji layihələrinə qoşulması perspektivi ilə bağlı konkret fikir söyləmirdilər. İndi isə anlaşılır ki, neft-qaz təchizatı məsələsində İranla əməkdaşlıq London üçün strateji əhəmiyyət kəsib edir. O da anlaşılır ki, bu məsələdə London Azərbaycana böyük əhəmiyyət verir. Çünki, məhz Azərbaycan üzərindən İranla enerji əməkdaşlığı formalaşdırmaq mümkündür. Ona görə də Maykl Fallon deyir ki, Azərbaycanla İran arasındakı əlaqələrin yaxşı olmasını istəyir. Bu mənada bir neçə ay öncə Azərbaycan prezidenti İlham Əliyevin Tehrana səfəri və İran rəsmiləri ilə apardığı danışıqlar da Londonun maraqlarına cavab verir.   

Beləliklə, London Azərbaycan-İran münasibətlərinin inkişafını və bu yolla iki ölkə arasındakı enerji əməkdaşlığının perspektivini müsbət qiymətləndirir. Bu Londona imkan verəcək ki, BP şirkəti gələcəkdə Bakı üzərindən Tehrana da “desant” çıxara bilsin.