“London Taksi”ləri cərimə meydançasında- - Sürücülər danışdı+Video

london-taksileri-cerime-meydancasinda-
Oxunma sayı: 3089


“Qafqazinfo” Meydan TV-yə istinadın xəbər verir ki, sürücülər bunun səbəbini taksilərin bəzi hissəsinin ölkəyə gətirilərkən dövlət qeydiyyatından keçməməsi və bu səbəbdən də maşınların hazırda Gömrük İdarəsinin cərimə meydançasına aparılması ilə izah edirlər. “Bakı Taksi” MMC şirkətinə məxsus olan taksilərin sürücüləri deyir ki, cərimə məsələsi onların günlük planının artmasına səbəb olub. Belə ki, günlük plan 40 manata qaldırılıb. Bu isə sürücülərin vəziyyətini çətinləşdirib.

Sürücülərin bəziləri inanır ki, rəhbərlik cərimə olunan taksilərin pulunu ödədikdən sonra, onların planı aşağı salınacaq. Amma buna inanmayanlar da var. 
Dövlət Gömrük Komitəsi Avtonəqliyyat Baş Gömrük İdarəsinin Meydan TV-yə bildirdiyinə görə, 550 “London taksi"si hazırda idarənin cərimə meydançasındadır. Lakin idarə bu haqda ətraflı məlumat verməkdən imtina edib.

Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyir ki, həmin taksilərin Bakıda qeydiyyatını “Bakı Taksi” MMC etməli idi. Bu səbəbdən də nazirlik bu haqda söz deyə bilməz.

“Bakı Taksi” MMC-dən isə bildirblər ki, onlar bu məsələni şərh etmək istəmirlər.
2010-cu il “Avrovizion” Mahnı Müsabiqəsi zamanı Bakıya 1050 “London taksi”si gətirilib. Azadlıq Radiosu və OCCRP (Mütəşəkkil cinayətlərin və korrupsiyanın araşdırılması layihəsi)nin araşdırmasında göstərilir ki, bu taksilərin kütləvi şəkildə bazara çıxması üçün heç bir tender təşkil olunmayıb və Nəqliyyat Nazirliyinin verdiyi lisenziya əsasında taksilərin Bakıya gətirilməsi “Bakı Taksi” MMC-yə həvalə olunub. “London taksi”lərinin hər biri üçün büdcədən 28 min dollar pul ayrılıb.