Londonda Azərbaycan filminin nümayişi keçirilib

londonda-azerbaycan-filminin-numayisi-kecirilib
Oxunma sayı: 1243

Londonda Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmin nümayişi keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, filmin nümayişi Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini, parlament üzvü Mark Menzis tərəfindən, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib. Qeyd edək ki,  Londondakı tədbirdən əvvəl bu ilin may ayında Parisdə “Musée de l’Armée”  Ordu Muzeyində filmin Avropa premyerası keçirilmişdi.

Böyük Britaniya parlamentinin üzvü Mark Menzis tədbir iştirakçıları qarşısında çıxış edərkən bildirib ki, “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”  sənədli filmində İkinci Dünya müharibəsinin həmin o mühüm illərində Azərbaycanın rolundan bəhs edilir. Nasist Almaniyası Bakının neft yataqlarını ələ keçirmək üçün baha başa gələn səylər göstərdi. Bir çox azərbaycanlıların igidliyi nəticəsində nasistlərin son hədəfə çatmasının qarşısı alındı. Əgər onlar buna nail olsaydı müharibənin gedişatı fərqli istiqamət ala və daha uzun sürə bilərdi. Tarixi hadisələrin dəqiq göstərilməsi vacibdir və filmdə buna nail olunmuşdu.

Tamamilə arxiv xronikalarından ibarət olan bu film, Bakının mexanikiləşdirilmiş neft çıxarma yurdu olmasının vurğulanması və şəhərin dəblə geyinmiş insanlarla dolu küçələri,  habelə Stokholm, Paris, Moskva və Varşavanı xatırladan binaları ilə Qafqazın Parisi kimi təsvir edilməsi izləyicilər üçün gözlənilməz açıqlama olmuşdu.

Film Azərbaycan dili ilə yanaşı, rus, ingilis, fransız, alman, italyan və digər dillərə də tərcümə olunub. Filmin ilk premyerası 2015-ci ilin may ayında Bakıda keçirilib. “RMC Découverte” və “National Geographic” kanallarında nümayiş etdirilib.