Lüt görünən cümlələr...

lut-gorunen-cumleler
Oxunma sayı: 838

Fərid Hüseyn

Yazı bir neçə on illik ərzində ömür edib, ancaq dilimizi öyrənə bilməyənlərin “işıqlı xatirəsinə” ithaf edilmişdir.

Söz tariximizin, mətbuatın “əski əlifba”lı dövrü olub. Ərəb əlifbası ilə yazıblar, ancaq Azərbaycan dilində. Xırda dəyişikliklər də öz yerində. İndi İranda tez-tez Azərbaycanlı müəlliflərin fars əlifbasında kitabları çap edilir. 

“Əski əlifba”dan neyləsək də tam mənada “qurtula” bilmərik. Çünki xalqımızın böyük bir yatırı, söz xəzinəsi məhz o əlifbadadır və biz “əski əlifba”nı bilməyə haradasa məcburuq. “Biz” deyərkən, daha çox dərəcədə klassik əsərləri, yaxud mətbuat tarixini bilmək, öyrənmək istəyənləri nəzərdə tuturam. Ancaq “əski əlifba”da yazılsa da, o dövrdəki əsərlər, ən azı zamanına uyğun dildədir. Dil başqa, əlifba başqa...

İndi bir sıra müəlliflər var ki, elə düşünürlər yazdıqları bizim doğmaca Azərbaycan dilindədir. Yanılırlar. Onların yazdıqları sadəcə “latın əlifbası”nın məhsuludur, çünki pinti mətnlərin hər cümləsini düzəldəndən, redaktə edəndən sonra həmin yazılar normal, qavranılan Azərbaycan türkcəsinin, dilinin məhsuluna çevrilir. Yazı düşüncə, təfəkkür deməkdir, deməli, bu cür “pinti”, “dolaşıq” düşünürlər. Belələrinin yazılarında cümləni mətndən çıxarıb ayrıca oxuyanda “lüt görünür”, çünki cümlə nə özündən əvvəlki cümləyə, nə də sonrakına bağlıdır, hətta müstəqil də hansısa mahiyyəti tam mənada ifadə etmir.

Dili dərindən bilməyənlər, hiss etməyənlər, yazıda “hədd hissi”ndən məhrumlar həmişə yeni söz yaratmağa şirniklənirlər. Bu hal avtomobil idarə etməyi bilməyənin bir adamın, “maşın icadı”na bənzəyir. Məsələn, onlar elə bilir ki, “çı, çi, çu, çü” şəkilçilərini hansısa sözün axırına “yamasan” peşə, ixtisas sözləri yaranacaq. Yaxud elə bilirlər başqa dildə olan sözü milliləşdirmək üçün əcnəbi dildəki sətri mənasını tərcümə edib işlətməklə dilə söz qazandırmaq mümkündür. Beləcə, “cahil cəsarəti” ilə və fərqli yollarla heç vaxt ümumişlək olmayacaq sözlər qondarırlar və yapma təfəkkürdən meydana gələn bu cür senton kəlmələr və ifadələr doğulduğu mətndəcə “o dünyalıq” olur. 

Müəllif üçün ən ciddi üstünlük “hədd hissidir”. Əgər mətndə harda dayanmaq, harda davam etmək, fikri hansı yollarla çatdırmaq, hansı mühit üçün yazmaq və s. hədlə bağlı məsələləri bilmirsənsə və yazdığın hər cümlə sənə təzə, hər fikir deyilməmiş, məlum-məşhur tarixçələr kəşf kimi görünürsə, deməli, içindəki tərəzini həyatın hansısa gərəksiz daşları ilə yükləyib sındırmısan, ölçü, çəki, meyar daha sənlik deyil, saqqız kimi uzanan söz və ifadələr sənin aləmində cümlədir, boşboğazlıq fikirdir, çərənləmələr silsilədir, bir-birinə zahirən bənzəyənlər “seriya”dır. Bir sözlə, daha optik aldanmalar dövrünün övladısan... “Yaradıcı korluq”dan xilas olmağa isə gərək dil ilə əlifbanın fərqini görməkdən başlayasan...