“Made in Azerbaijan”la bağlı yeni xəbər

made-in-azerbaijanla-bagli-yeni-xeber
Oxunma sayı: 1223

Dünyada “Made in Azerbaijan” brendinə tələbat artır. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda xəbəri rəsmi “Azərbaycan” qəzeti yayıb. Qəzet bildirib ki, artıq “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqi istiqamətində görülən işlər real nəticələr verməkdədir. İxrac məlumat bazasının (elektron portal) formalaşdırılması da bu istiqamətdə görülən işlərdəndir. “Azexport” portalı bu gün artıq dünya miqyasında özünü tanıtdıra bilib və bu portala maraq getdikcə artır. Portal ilin səkkiz ayında dünyanın 60-dək ölkəsindən 310 milyon dollara yaxın məbləğdə ixrac sifarişi alıb. İlin səkkiz ayında Azərbaycanın qeyri-neft ixracı 965 milyon dollar təşkil edib.

Bu dövrdə Azərbaycan məhsullarına “Azexport” portalı vasitəsilə 450 minə qədər baxış olub ki, bu da “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına şərait yaradır. Əsas sifarişlər meyvə-tərəvəz, mebel, içkilər, sənaye məhsulları, bütövlükdə Azərbaycanda istehsal olunan məhsul və xidmətlərdir.

Gələcəkdə isə “Azexport” portalı ixrac sifarişləri ilə yanaşı, digər ixrac təşviq mexanizmlərini də həyata keçirəcək. Hazırda “Azexport” portalı ilə dünyanın ən məşhur elektron ticarət portalı olan “Amazon” arasında danışıqlar gedir. Bir sıra məhsullar “Amazon” portalı üzərindən Amerika Birləşmiş Ştatlarındakı anbarlarda yerləşdiriləcək. Beləliklə də Azərbaycan məhsullarının xüsusilə Qərb yarımkürəsində satış imkanı yaranacaq ki, bu da ixracın gələcəkdə davamlı şəkildə artmasına töhfə verəcək.
 
Ölkədə həyata keçirilən sistemli tədbirlər artıq öz nəticəsini verməkdədir. 2017-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 30 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 37 faiz, sənaye məhsullarının ixracı isə 25 faiz artıb. İxrac olunan məhsulların çeşidi 17 faiz artıb, 2700-dən çox müxtəlif çeşiddə məhsul ixrac olunub.