Mafiyanın uzun qolları

mafiyanin-uzun-qollari
Oxunma sayı: 646

Uğur qazananlar da var, bu yolda çoxlu qurbanlar verənlər də.
Mafiyaların ən güclü olduğu ölkələrdən Meksika, Kolumbiya, İtaliya, Rusiya və başqalarının adını çəkmək olar.

Elə ölkələrdə var ki, ilk baxışdan orada mafioz birləşmələr yoxdur və fəaliyyət göstərmirlər. Amma incələyəndə məlum olur ki, narkotik, insan və silah alveri, adam oğurluğu, müəmmalı qətllər həmin ölkələrdə daha geniş yayılıb.

Belədə sual çıxır: müvafiq sahələrdə ixtisaslaşmış mafioz birləşmələr mövcud deyilsə, bəs bu cinayətləri kim törədir?
Cavab çox sadədir: mafiyalarla mübarizə aparmalı olan dövlət strukturlarının özləri.

Yaşadığımız ölkə o sıradadır. Bu ölkədə nə mafiya tanıdığımız, bildiyimiz mafiyadır, nə də hakimiyyət klassik hakimiyyətdir.
Bu ölkədə mafiya ilə hakimiyyət strukturları çoxdan simbiozlaşıb, bir bədəndə iki başa çevrilib.

Ən qorxulusu da budur. Mafiozlaşmış hakimiyyətlə, yaxud əlində hakimiyyət olan mafiozlarla mübarizə çox çətindir.
Elşad Abdullayev hakimiyyət strukturlarının nə dərəcədə mafiozlaşmasını əyani şəkildə göstərməkdədir.
Xalq bunu ondan daha əvvəl, hətta E.Abdullayevin həmin mafioz birləşmənin üzvü olduğu vaxtlardan bilirdi. Sadəcə, əldə əyani, vizual sübutlar yox idi. İndi o da var.

Sabiq rektorun yaydığı materiallar hər şeyin bariz göstəricisidir.
O cür rüsvayçı faktlardan sonra hər hansı bir iqtidar komandası bu ləkəni üzərindən silmək üçün dərhal radikal tədbirlər görməliydi, qanqrena vermiş əzasını kəsib atmalydı. Amma mövcud rejim bunu edə bilmədi və etməyəcək.

Ona görə ki, söhbət hansısa bir hakimiyyət qolunun mafiozlaşmasından getmir, müvafiq proses bütün qollarda, bütün orqanizmdə gedib və hər tərəfə metastaz verib.
Son üç ayda gözümüzün önündə açıq-aşkar bir oyun gedir. Korrupsiya və rüşvətxorluq qalmaqalı o qədər böyüyüb ki, hətta bu mərəzlə mübarizə aparmalı olan adamları da çulğayıb. Yüksək mənsəbli şəxslər isə bu cür açıq-aşkar, dövləti cinayət səciyyəsi daşıyan bir işi ört-basdır etmək üçün daha yeni-yeni əməllər törədirlər.

Əsas şahidlərdən biri qeyri-leqal şəraitdə ölkədən qaçırılır və o, müəmmalı şəkildə ölür. Sonra ortaya çoxlu sənədlər, epikrizlər qoyulur ki, adam öz əcəli ilə ölüb. Və buna heç kəs inanmır.
Çünki müasir dünyada mafiyaların fəaliyyət qayda-qanunlarından hər kəs xəbərdardır. O qadının – Sevinc Babayevanın öldürüləcəyi gözlənilirdi, bunu hamı deyirdi və indi o həyatda deyil. Güman gedəsi ikinci bir ünvan, ortada ikinci versiya yoxdur.

Bundan əvvəl üstü açılmamış cinayət işlərinə diqqət yetirdikdə törədilmiş cinayətlərin necə naşılıqla, amma çəkinməzliklə ört-basdır edildiyi cəhdlərini görməmək mümkün deyil.
Hamı jurnalist Elmar Hüseynovun, general Rail Rzayevin yüksək mənsəbli mafioz-odioz qüvvələr tərəfindən öldürüldüyünə əmindir. Bu əminliyi qətllərin üstünün açılmaması faktı hər gün təsdiqləyir.
Hələ amerikalı diplomat Con Elvisin qətli də o silsilədənddir. Mahir Abdullayevin tapılmaması isə artıq cümlənin sonundakı nida işarəsi kimi durumun necə həyəcanlı olduğunu göstərir.

Özünün, yaxınlarının həyat və təhlükəsizliklərini önəmli sayan heç kəs belə bir ölkədə yaşamaq istəməz. Burada səhər evindən çıxıb işinə gedən kiminsə geriyə sağ-salamat dönəcəyinə təminat yoxdur.

Ölkədəki cəzasızlıq mühitindən faydalanan elə adamlar var ki, heç nə üstündə adamı güllələyər və qanını batırarlar. Yəqin ki, neçə ildən bəri şəhərin barlarını, küçələrini terrorizə edən gənclərin, xüsusilə də birinin barəsində yayılan əfsanələrdən hamının xəbəri var. Onlar hansı cinayəti törədirlərsə, törətsinlər, məsuliyyətə cəlb olunmurlar.
Çünki hüquq-mühafizə orqanları onların qarşısında çar-naçar qalıb.
Məhz buna görə də adı “qiymətli şahid” kimi çəkilən qadının İstanbulda öz əcəli ilə öldüyünə heç kəs inanmır, mafiyanın qollarının uzunluğuna isə hamı inanır.

O da çoxdan sübut olunub ki, tısbağa işıq dirəyinin başındadırsa, heç də oraya özü çıxmayıb, onu qaldırıb ora qoyan var.

musavat.com