Mağazaların faciəsi...

magazalarin-faciesi
Oxunma sayı: 2542

Xuraman Hüseynzadə

Qonşumuz Taleh dayı deyib-gülməyi sevən, optimist bir adamdı. Yay gələn kimi hasarının qarşısındakı iri tut ağacının altında, qızılgüllərin ətrafında stol, stullar düzər, qonşu kişiləri, uşaqları yığardı başına. Samovar qaynadar, nərd oynardılar. Çox vaxt qonşular onun bu xudmani bağçasında vaxt keçirməyi istirahətə yollanmaqdan maraqlı və sərfəli hesab edərdilər...

İki il öncə qonşuların sevimli məkanının yerində kiçik bir ərzaq mağazası açdı Taleh dayı. Mağazanın tikintisinə mane olduğu üçün rəngbərəng qızılgülləri, yasəmənləri kökündən çıxarıb atmalı, yaşı əsrlərlə ölçülən ehsanlıq tut ağacının yolun az qala yarısını tutan budaqlarını kəsməli oldu.

Həmən gözəlliklər dolanışıq ucbatından yerlə-yeksan oldu. O gündən elə bil səs-küy, uşaqların sevinci də getdi çörək dalınca...

Yazıq, miskin bir görkəm aldı məhləmiz.

...Sanki böyük bir boşluq yaranmışdı. Uşaqlar darıxır, kişilər cəm olub nərd oynamağa, kəklikotulu, mixəkli samovar çayı içməyə yer tapmırdılar. Amma təsəlliləri vardı: təki o işləsin, çörək pulunu qazana bilsin, heç kəsə möhtac olmasın.

Sovetin vaxtında ərzaq dükanlarında satıcı işlədiyi üçün Taleh dayı ticarəti yaxşı bilirdi. Elə ilk gündən qiymətlərdə insaflı oması ilə qonşuları, yolla ötüb-keçəni mağazasının daimi müştərisi etməyi bacardı. Əvvəllər qonşular zəruri ərzaqlar üçün məhlədən xeyli kənardakı super marketə gedirdilərsə, indi Taleh dayının mağazası vardı.

Yayın qızmarında, qışın soyuğunda əziyyət çəkib uzun məsafə qət eləməyə ehtiyac yox idi.

Səhər obaşdan oyanıb dükanda satacağı meyvə-tərəvəz, ərzaq üçün lazımi işləri görür, təmizlik, səliqə-səhman yaradırdı. Qonşular ondan, o da qonşulardan razıydı.

Bu xoş güzaranın ömrü çox çəkmədi. Devalvasiyadan bir neçə ay sonra dükanını bağlamalı oldu Taleh dayı.

Saytlarda oxudum ki, ötən il ərzaq və qeyri-ərzaq malları satan 727 dükan bağlanıb. Məlumatı Dövlət Statistika Komitəsi “Azərbaycanda ticarət” statistik toplusunda açıqlamışdı.

Bayaq yenə həmin dükanın yerində qızğın nərd oyunu gedirdi.

Uşaqların da səsi, gülüşü məhləni almışdı başına...