Magistratura imtahanının vaxtı açıqlandı

magistratura-imtahaninin-vaxti-aciqlandi
Oxunma sayı: 632

“Qafqazinfo”nun TQDK-nın saytına istinadən məlumatlına görə, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurur və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək olan müddətdə təsdiq etdirirlər.

Cari ilin məzunları “Bakalavrın elektron ərizəsi” formasını bitirdikləri ali təhsil müəssisəsində yaradılmış SQK-da təsdiq etdirirlər.
Ali təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər və nəzdində SQK fəaliyyət göstərməyən ali təhsil müəssisələrinin cari il məzunları “Bakalavrın elektron ərizəsi” formasını ali təhsil müəssisələrində yaradılmış SQK-lardan istənilən birində təsdiq etdirirlər.

Xarici ölkələrdə ali təhsil almış Azərbaycan Respublikasının vətəndaşları “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər “Bakalavrın elektron ərizəsi” formasını TQDK-da yaradılmış SQK-da təsdiq etdirirlər.

Qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkürü), informatika fənnini və xarici dili bilmə səviyyəsi, ikinci mərhələdə isə seçdikləri qəbul proqramı əsasında onların ixtisas üzrə bilikləri yoxlanılır.
Hər iki mərhələdə bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

İmtahanın birinci mərhələsi 2013-cü il martın 3-də keçiriləcək və bakalavrlara ümumi intellekt səviy¬yəsinin (məntiqi təfəkkürun) yoxlanılması üzrə 50, informatika üzrə 25 və xarici dil üzrə 25 test tapşırığı təqdim olunacaq.