““Mağmın” sözüm onlara toxunub” - Vəkildən həmkarlarına

magmin-sozum-onlara-toxunub
Oxunma sayı: 3857

Vəkil Adil İsmayılovun kollegiya rəhbəri Anar Bağırovu feysbuk sosial şəbəkəsində tənqidindən sonra bir neçə həmkarı ondan şikayətçi olub.​

A.İsmayılov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, fevralın 22 və 23-də Kollegiyaya daxil olan şikayətə imza atan şəxslər qeyd ediblər ki, o, rəhbərliyin şərəf və ləyaqətinə toxunub.

Vəkil həmin şəxslərin niyə məhkəməyə müraciət etmədiyinə belə münasibət bildirib: “Mən də elə fikirləşirəm ki, məhkəməyə müraciət etməli idilər. Məsələni belə qoyublar ki, söhbət onların yox, rəhbərliyin şərəf və ləyaqətindən gedir. Əlavə ediblər ki, mən onlara "mağmın" demişəm. Bu söz də onlara toxunub. O söz isə konkret heç kimə yönəlməyib. Bunlar özlərinə götürüblərsə, öz problemləridir. Amma məhkəmə prespektivi də yoxdur. Belə başa düşdüm ki, məni bu cür qorxutmaq istəyirlər. Konkret bir tələb qoymayıblar, sadəcə baxılmasını istəyiblər. Martın 15-də İntizam Komissiyasında baxılacaq. 

Mən də onlardan Kollegiyanın maliyyə xərcləri ilə bağlı rəsmi sorğuma cavab verilməsini soruşdum. Sədrin müavini Pərviz Ələkbərov dedi ki, cavab vermək üçün qanunla bir ay vaxt var. O zamana kimi cavab veriləcək. Mən də bildirdim ki, cavabda bəlli olsa ki, mən nəyisə səhv demişəm, gəlib üzr istəyərəm. Amma mən düz demişəmsə, hansı şərəf və ləyaqətə toxunmaqdan söhbət gedə bilər?”

A.İsmayılov bildirib ki, ondan 3 vəkil şikayət edib: “Kollegiya və Anar Bağırovla bağlı məsələyə görə Tahir Əlirzayev və Elmar Kərimov şikayət edib. Onlar feysbukdakı müzakirələrdə ümumiyyətlə iştirak etməyiblər. Digər şikayətçi isə Sahil Quliyev idi. O, təqsirləndirilən Səfər Əliyevlə bağlı yazdığım statusa görə şikayət edib. Amma mən onun adını çəkməmişəm”.

Murad Əhməd