Mahmudovun şəriki “İnterpol”la axtarışa verildi

mahmudovun-seriki-interpolla-axtarisa-verildi
Oxunma sayı: 647

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki, həm də faktiki rəhbərlik etdiyi şirkətlərin rəsmi sahibi Ayaz Kərimov Azərbaycan höküməti tərəfindən beynəlxalq axtarışa verilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, A.Kərimov “Rabitə işi” üzrə istintaqa təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qəti-imkan tədbiri seçilib. Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin işi məhkəməyə göndərildikdə A.Kərimovun barəsindəki istintaqın icraatı dayandırılıb. Bunun səbəbi isə Kərimovun istintaq başlamadan öncə ölkədən qaçması olub. Azərbaycanın uzun müddət davam etdirdiyi axtarışlar nəticəsiz qaldığı üçün nazir oğlunun adamı beynəlxalq axtarış verilib. “İnterpol”un rəsmi saytında A.Kərimovun “vəzifə səlahiyyətlərindən sui-istifadə” və “mənimsəmə”də ittiham olunduğu qeyd edilib.

Qeyd edək ki, Anar Mahmudovun şirkəti olan və dostu Ayaz Kərimovun idarə etdiyi “Cartburq NC” şirkəti Azərbaycanda mobil operatorlar vasitəsilə aparılan beynəlxalq danışıqlar üzrə dövlətə milyonlarla dollar məbləğində ziyan vurmaqda ittiham edilir. Bu şirkət iki il ərzində dövlətə 25 milyon 949 min 577 dollar ziyan vurub. İstintaq zamanı nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və “AzİnTelekom” MMC-nin rəhbəri Cəlil Cəfərovun əlbir olaraq “Cartburg NC” şirkəti ilə güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə külli miqdarda pul mənimsənilməsi epizodu üzrə araşdırmalar zamanı Anar Mahmudov və Ayaz Kərimov arasındakı SMS yazışmaları əldə edilib.

“Cartburg NC” şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun olub. Telefon yazışmalarından görünür ki, A.Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq A. Mahmudovun nəzarətində olub. 

Həmçinin, “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Kərimovun əmlaklarına da həbs qoyulub. Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

A.Kərimov Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.

Murad Əhməd