Mal həkiminin müəllim işləməsi

Mal həkiminin müəllim işləməsi
Oxunma sayı: 2270

Seymur Verdizadə

Var-dövlət, bitib-tükənməz sərvət arzulamaqdan keçib. İndi elə bir zəmanədə yaşayırıq ki, bir işin qulpundan yapışıb, evlərinə beş manat pul aparanlar özlərini xoşbəxt sayırlar. Şərtlər nə qədər ağır olsa da, heç kim iş yerini itirmək istəmir. 

Azərbaycanda iş yerini itirmək, ya da ixtisara düşmək faciə hesab olunur. Tənqidçi mətbuat bu cür xəbərlərə həssas yanaşır, dərhal ajiotaj yarada bilir. Məsələn, 2 min müəllimin iş yerini itirəcəyi ilə bağlı xəbər səs-küysüz ötüşməmişdi. Qısa müddət ərzində sosial şəbəkələrdə “təəssübkeşlər ordusu” peyda olmuşdu. Həmin günlərdə bu cür şərhlərə tez-tez rast gəlmək olurdu: “İki min ailə çörəksiz qaldı”.

Müəllim çörəyi ilə böyüyən bir vətəndaş kimi bu cür xəbərlərə biganə qala bilmirəm. Neçə vaxtdan bəri bir sual mənə rahatlıq vermir: görəsən, sadə, səmimi insan təsiri bağışlayan hörmətli Təhsil nazirimizin İsmayıllının dağ kəndində yaşayan Ərşad müəllimlə nə ədavəti var? Özünün və övladlarının gələcəyini deyil, mədəsini düşünən adamların təbirincə desək, Mikayıl Cabbarov Ərşad müəllimin ailəsini niyə çörəksiz qoymaq istəyir?

Bu məsələni araşdıranda bəlli oldu ki, heç də söhbət şəxsi ədavətdən, kin-küdurətdən getmir. İş yerini itirmək təhlükəsi ilə üzləşən müəllimlər qeyri-ixtisas sahibləridir. Sən demə, Təhsil Nazirliyinin “çörəksiz” qoymaq istədiyi Ərşad müəllim Kənd Təsərrüfatı Kollecini bitirib, ixtisasca baytardır. Ərşad müəllimlə çiyin-çiyinə işləyən Güldəstə müəllimə isə uzun illər əvvəl Rabitə Texnikumundan məzun olub. Ərşad müəllim və Güldəstə xanımla birlikdə hər gün qoltuğuna jurnal vurub sinfə girən Əkrəm müəllim isə Balıqçılıq Texnikumunu qurtarıb. Bilirəm, indi hamını yalnız bir sual düşündürür: qeyri-ixtisas sahibi olan bu adamlar məktəbdə necə işə düzəliblər? Bu sualın cavabı bir o qədər də çətin deyil. Axı, biz Azərbaycanda yaşayırıq. Bizim ölkəmizdə pulun açmadığı qapı yoxdur. Dərə xəlvət, tülkü bəy olanda, yəni Misir Mərdanov Təhsil Nazirliyinin rüşvət yuvasına çevirəndə bölgələrdə çoxlu sayda müəllimləri təkmilləşdirmə kursları fəaliyyətə başladı. Adlarını həmin kurslara yazdıran bu adamlar 500-600 manat rüşvət verib, üç ay ərzində “təkmilləşdilər”. İş yerini itirmək təhlükəsi ilə üzləşən 2 min nəfər həmin bu mal həkimləri, rabitəçi və balıqçılardır. Hesab edirəm ki, qeyri-ixtisas sahiblərinin təhsil sistemindən uzaqlaşdırılması bu sektorda keyfiyyət dəyişikliyinə gətirib çıxaracaq. Mal həkiminin yeri məktəb deyil, tövlədir. Hər kəs öz işi ilə məşğul olmalıdır.

Sonda vacib bir məqama da toxunmaq istəyirəm. Məlum olduğu kimi, müəllimlərin diaqnostik qiymətləndirilməsi davam edir. Amma bəzi mütəxəssislər 30-40 illik pedaqoji staja malik olan şəxslərin diaqnostik qiymətləndirilmə prosesinə cəlb edilməsini əhəmiyyətsiz iş hesab edirlər. Amma ortadakı nəticə Təhsil Nazirliyinin haqlı olduğunu göstərir. Məsələn, bu yaxınlarda diaqnostik qiymətləndirilmə prosesinə cəlb olunan 2300 sinif müəlliminin 1600-ü öz ixtisasına aid olan sualların yarısından çoxuna doğru cavab yaza bilməyib. Bu cür savadsız müəllimlərin ucbatından hər il yüzdən artıq orta məktəbdən bir nəfər də ali məktəbə qəbul ola bilmir. Təhsil strateji sahədir. Cəmiyyət bu məsələyə həssas yanaşmalıdır. Əks təqdirdə, buraxılış imtahanında yenə şagirdlərin 90 faizi riyaziyyatdan “2” alacaq. Demək istədiyim odur ki, Ərşad müəllimin öz övladlarını xoşbəxt etmək üçün başqalarının övladlarını bədbəxt etməyə haqqı yoxdur.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi