“Mama”sına güvənən oğlanlar

mamasina-guvenen-oglanlar
Oxunma sayı: 673

Jurnalist həmkarım pıçıltı ilə danışsa da, taksi sürücüsü onun sözlərini eşidə bildi. Amma gözlədiyimizin əksinə olaraq, yumşaq reaksiya verdi: “Bu nömrəni mənə ad günümdə mama hədiyyə edib”.

Ertəsi gün Bakıya qayıdanda qonşumuz məni çəkə-çəkə yenicə aldığı “07”-nin yanına apardı. O, əlini maşının nömrəsinə tuşlayıb, məndən soruşdu: “Müəllim, nömrə xoşuna gəldi?”

Telefon və maşın nömrələrinə xüsusi həvəsim olmadığı üçün çiynimi çəkib, sakitcə dayandım. Qonşum bir qədər pərt olsa da, yaxamdan əl çəkmədi: “Xahiş edirəm, rəqəmlərin düzülüşünə fikir ver”.

123 rəqəmindəki ardıcıllığı yalnız indi fərq etdim. Etika xatirinə dilləndim: “Yaxşı nömrədir”.

Bakıdakı özəl ali məktəblərin birində təhsil alan qonşum sinəsini irəli verdi: “Bu nömrəyə 1000 manat pul saymışam”.

Özümü saxlaya bilməyib, soruşdum: “Ayxan, sən bu qədər pulu hardan aldın?”

Qonşum nadinc uşaqlar kimi qımışdı: “Allah mamanın canını sağ eləsin!”

Ötən gün Bakıətrafı qəsəbələrin birindən müsahibədən qayıdanda, su almaq üçün yolumun üstündəki mağazaya döndüm. Soyuducudan götürdüyüm suyun pulunu satıcıya vermək istəyəndə, idmançı geyimində olan bir gənc məni çiyni ilə kənara itələyib, qabağa keçdi. O, növbədə dayanan adamlara məhəl qoymadan satıcıya müraciət etdi: “Bənövşə xala, mənə 10 manatlıq kontur ver”.

Satıcı siyirtmədən çıxardığı 10 manatlıq konturu tələsidyi açıq-aşkar hiss olunan həmin gəncə uzatdı. Oğlan kontura alandan sonra dabanı üstdə geri fırlansa da, satıcı onun mağazadan çıxmağına imkan vermədi: “Orxan, pulu verməmiş hara gedirsən?”

İdmançı geyimində olan gənc dodağının altında mızıldandı: “Mamanın adını yazarsan”.

Amma satıcı ondan əl çəkmədi: “A bala, sonra maman narazılıq edir”.

Oğlan yaltaq adamlar kimi satıcının üzünə irişdi: “Bənövşə xala, narahat olma, özünün xəbəri var”.

Beş dəqiqə sonra mağazadan çıxıb dayanacağa doğru gedəndə gördüm ki, bir az əvvəl “mama”sının adını yazdırıb kontur alan həmin oğlan yolun kənarındakı ağacların birinin altında dayanıb, telefonda kiminləsə danışır. Onun yanından keçəndə, qulağım bu sözləri aldı: “Canım, narahat olma, mənim konturum heç vaxt qurtarmır”.

Yadıma Ayxanın bir il əvvəl dediyi sözlər düşdü: “Allah mamanın canını sağ eləsin!”

Amma Ayxandan fərqli olaraq, Orxanın bunu etiraf etməyə kişiliyi çatmadı...