Manat yarımlıq dollar

manat-yarimliq-dollar
Oxunma sayı: 2950

Nadir Qocabəyli

Dolların kursunun bircə gecədə 50 faiz sıçraması xalqımızı xeyli rahatsız edib. Hətta dolların üzünü yalnız şəkillərdə və televiziyada görənlər, mənim kimi dollarla heç bir alış-verişi olmayanlar, aylıq məvacibini manatla alıb, manatla xərcləyənlərin də kürkünə birə dolub...

Səbəb çox sadədir. Bizim dollarla işimiz olmasa da, onun bizimlə işi var. Çünki dolların məzənnəsinin hər manata nisbətdə 50 qəpik bahalaşması, gec-tez hər bir azərbaycanlının hər manat yarımda yarım manat itirməsiylə nəticələnəcək.

Odur ki, müdrik xalqımız kütləvi surətdə market və supermarketlətə hücum çəkib, əlindəki manatını tezbazar ərzağa dəyişir ki, bu böhrandan mümkün qədər az ziyanla çıxsın.

Doğrudur, hökumətimiz xalqımızı sakitləşdirmək, onun təşviş və təlaşa düşməsini önləmək üçün ruhlandırıcı bəyanatlar verir, süni qiymət artımının əngəllənəcəyini söyləyir, pensiyaların və maaşların artırılacağına dair konkret vədlər verməsə də, ehtimallar irəli sürür, ancaq bu gələcəyin işidir. Aztəminatlı əhalini isə hazırda gələcəkdən çox, bu gün əlində olan beş-üç manatının taleyi narahat edir. Qarşıdan gələn Yeni il bayramına birtəhər 150 manat saxlamış kasıb adam onun 50 manatını niyə itirsin axı?

Bəziləri marketlərə hücum çəkən xalqı görməmişlikdə suçlayır, bir qədər az yeməklə dünyanın dağılmayacağını söyləyərək qınayır, ancaq bir şeyi də unutmaq olmaz ki, kənardan görməmiş təsiri bağışlayan bu insanların hamısı heç də qarınqulu deyil, onların arasında xeyli sayda ac qalmaq təhlükəsindən qorxanlar da var. Ancaq etiraf edək ki, abrını qarnından üstün tutanlar da yox deyil...

Bu hücumu görən bəzi marketlər qapılarını müştərilərin üzünə bağlamağa başlayıblar. Xalqımızın nümayəndələri içərisində onları da bu “cındırlıqlarına” görə məzəmmət edənlər az deyil. Ancaq onu da bilməliyik ki, bu mağazalara mal verən firmalar artıq yeni və baha qiymətlər diktə edirlər. Dükandakı malları köhnə qiymətə satıb, yeni qiymətlə mal almaq isə onun sahibini xeyli ziyana sala, hətta müflis edə bilər.
Dünən qonşuluqdakı dükanda bir nəfər sadə vətəndaş məndən dolların qəfildən bu qədər qalxmasına münasibətimi soruşdu. Əlbəttə, pis olduğunu dedim. “Bəs niyə xalqı ayağa qaldırmırsız, axı siz ziyalısınız, yazıçısınız, jurnalistsiniz?” – o dərhal ittihamedici suala keçdi və istər-istəməz yadıma bundan az öncə sosial şəbəkələrdə bir aktrisanın xalqı küçələrə səslədiyini oxududuğumu xatırladım və onun sualına sualla cavab verdim: “Xalq küçəyə çıxanda nə olacaq ki? Dollar düşəcək, yoxsa qiymətlər ucuzlaşacaq?” Adam duruxdu, mənsə fikrimi davam etdirdim:

“Tutaq ki, sizin deiyiniz kimi, ayağa qalxıb küçələrə çıxdıq, qışqırıb-bağırdıq, bunun nə xeyri olacaq? Bununla vəziyyət düzələcəkmi? Kortəbii etirazların və iğtişaşların ancaq ziyan vurduğunu 80-ci illərin sonu, 90-cı illərin əvvəlində artıq görmüşük. Bu yaxınlarda Yaxın Şərqdə – Tunisdə, Liviyada, Misirdə baş verənlər məgər bizə dərs olmadı? Hələ Suriyanı demirəm...”

“Axı belə də olmaz, bunun bir yolu olmalıdır”, – sadə vətəndaş təslim olmadı.

“Əlbəttə, yolu var. Amma bu yol uzun müddət yatıb, günlərin bir günü kütləvi şəkildə küçələrə tökülməkdən, mövcud olanları da dağıtmaqdan geçmir. Hökümətin fəaliyyətinə, ölkədəki neqativ hallara etiraz etmək ancaq mitinq və nümayiş etməklə məhdudlaşmır. Vətəndaş daim aktiv olmalı, gündəlik həyatda qarşılaşdığı əyər-əskiklərə göz yummamalı, problemlərin qalaqlanıb üst-üstə yığılmasına yol verməməlidir. Bu gün dolların kursunun birdən-birə kəllə-çarxa vurmasında bizim korrupsiyaya, rüşvətə, inhisiharçılığa, bürokratiyaya yetərincə, bəlkə də, heç etiraz etməməyimizin, ictimai passivliyimizin ciddi payı var.

Digər tərəfdən, kütləvi aksiya keçirməyin qaydası-qanunu var. Kütləvi aksiya konkret şüarlar və tələblər əsasında xalqın iradəsinin və gücünü nümayişidir. Aksiyalar sivil qaydada keçirilməli və produktiv, səmərəli olmalıdır. Eyni zamanda, bu işi ağlı başında olan, ictimai-siyasi, iqtisadi proseslərdən baş çıxaran ictimai-siyasi institutlar, həmkarlar təşkilatları təşkil etməli, konkret tələblər və təkliflərlə çıxış edilməlidir. Amma təəssüflər olsun ki, biz bir xalq olaraq milli müqavimətimizi təşkil edən sağlam qurumlar yarada bilməmişik. Hansısa aktrisanın, aktyorun, zavod fəhləsinin, universitet müəlliminin, akademiya laborantının çağırışıyla küçələrə axışmanın nəticəsi heç də yaxşı olmur...”