Manatı “batıran” adamları tanıyıram...

manati-batiran-adamlari-taniyiram
Oxunma sayı: 8999

Seymur Verdizadə

Vəziyyətin belə olacağını hətta iqtisadçı olmayanlar da başa düşürdülər. Qeyri-neft sektorunun inkişafdan geri qalması ölkəmizə yaxşı perspektiv vəd etmirdi. Ən avam adam da dərk edirdi ki, neftə bel bağlamaq olmaz. Kartofu, soğanı, hətta adi yumurtanı da xaricdən idxal edəndə bilməliydik ki, bunun axırı yaxşı olmayacaq...

Beş-altı il əvvəl hava şəraiti əlverişsiz olduğu üçün avtobusla Ankaradan Naxçıvana, ordan da Bakıya gəldim. Həm Türkiyədə, həm də İranda bir müddət yubandığımdan bloknotuma maraqlı qeydlər etdim. Səfər təəssüratımı yazıya çevirəndə Türkiyə və İranda ərzağın qiymətinin Azərbaycanla müqayisədə bir neçə dəfə ucuz olmasına daha çox yer ayırdım. Aradan xeyli müddət keçsə də, həmin yazıda əks olunan bir sual indiki kimi yadımdadır: necə olur ki, bananın bir kiloqramı Türkiyədə 80, İranda 50 qəpiyə, Azərbaycanda isə 2 manat 50 qəpiyə satılır? O vaxt Biləsuvardakı keçid məntəqəsində qarşılaşdığım mənzərə məni əməlli-başlı məyus etmişdi. Kişili-qadınlı hamı banan yeyirdi. Həmin vaxt Azərbaycanda bananın 1 kiloqramı təxminən 3 dollara satılırdı. Amma iş adamlarının ixtiyarı yox idi ki, bu zəhrimarı İrandan 50 qəpiyə alıb, burda 1 manata satsınlar. Cüzi maaş alan azərbaycanlıların öz ölkələrində banan almağa imkanları olmadığı üçün bu fürsəti əldən vermək istəmirdilər...

Bunun adı monopoliyadır. Dərd burasındadır ki, Azərbaycanda təkcə banan üzərində monopoliya mövcud deyil. Kartof və soğan idxalı bir, ölkəyə taxıl gətirmək isə başqa bir məmurun inhisarındadır. Monopolistlər ölkədə azad rəqabət mühitinin yaranmasına imkan vermədilər. Dolların məzənnəsinin uzun müddət sabit qalması ancaq məmurlara sərf edirdi. Onların burda cəmi 78 qəpiyə aldıqları 1 dollar xaricdə az pul sayılmırdı. Dövlət ehtiyatları hesabına dolların bahalaşmasının qarşısını uzun müddət ala bildilər. Gözümüzün qabağında dövlət kasıblayır, bunlar isə varlanırdılar. Manatı məmur-oliqarxların var-dövlət hərislyi “öldürdü”...

Manatın dəyərdən düşməsi ölkədə qiymət artımına səbəb olub. Amma insanları yandıran təkcə bu deyil. Dərd odur ki, dollar ucuz olanda da qara camaat bunun xeyrini görməyib. İnhisarçılar həmişə vətəndaşların fərdi təşəbbüslərini boğublar. İndinin özündə də Gürcüstandan Azərbaycana 5 litrdən artıq şərab gətirməyə imkan vermirlər. Bilirsiniz, niyə? Əgər Gürcüstanda litri bizim pulla cəmi 1 manata satılan şərab Azərbaycana “ayaq açsa”, Qəbələdə istehsal olunan “kraska”nın şüşəsini 7-8 manata satmaq mümkün olmayacaq. Bu, sadəcə bir məmurun yaratdığı monopoliyadır. O birilərinin də öz “sahə”si var...

Bu hadisəni mənə millət vəkillərimizdən biri danışıb. Dediyinə görə, beş-altı il əvvəl Afrikada olanda deputat həmkarlarını banana qonaq etmək istəyib. Cibində xırda pul olmadığı üçün satıcıya 100 dollar uzadıb. Yaşıl əskinası görəndə az qalıb ki, kişinin gözləri kəlləsinə çıxsın. Məlum olub ki, Afrikada 100 dollara bir “Kamaz” banan almaq olar.

Azərbaycanda iqtisadi fəlakətin memarları ölkəyə idxal etdikləri malı real dəyərindən 10 dəfə baha satan insanlardır. Manat bu adamların güdazına getdi. Əgər batmalı olan biriləri varsa, o da ölkədə monopoliya yaradan oliqarxlardır. Yerin dibinə batsınlar...