“Manqal”da soyunduraraq döyüblər - Film kimi cinayət

manqalda-soyunduraraq-doyubler
Oxunma sayı: 9112

Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar, Məhəmməd Əhmədovun cinayət işi üzrə məhkəmə başlayıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib. Belə ki, X.Paşayev bir qrup şəxslə İran vətəndaşı Bəşir Qəhramaninin şəriki olmuş Valeh Nəcəfovu oğurlayaraq onu hədələməkdə təqsirləndirilir. Valehdən Bəşirə olan 31 min dollar pulunu geri qaytarmasını tələb ediblər. Valehi oğurlayaraq “Manqal” restoranına gətirib, orada onu soyunduraraq döyüblər. 

Ailə üzvlərinə və yaxınlarına işgəncə verəcəklərini deyərək onu hədələyiblər. V.Nəcəfov onlarla razılaşıb və həyat yoldaşına məxsus qızılları verəcəyini deyib. Birlikdə evə gedərək evdən 15 min manat dəyəri olan qızıl zinət əşyaları götürüblər. Daha sonra pulun qalan hissəsini də hədə-qorxu ilə tələb ediblər. Pulu vermədikdə isə Nəcəfovu yenidən görüşə çağıraraq onu döyüblər. Bu dəfə V.Nəcəfov silaha əl atıb, lakin dəstə üzvləri tapançanı ondan alıblar. Mübahisə zamanı atəş açılıb və Valeh başından yaralanıb, oradaca vəfat edib.

İttihama münasibət bildirən X.Paşayev özünü qismən təqsirli bildiyini deyib: “Mən sadəcə borcumu istəmişəm. Özüm 3 güllə yarası almışam”.

Digər təqsirləndirilənlər özlərini təqsirli bilmədiklərini deyiblər.

Məhkəmədə mərhum V.Nəcəfovun həyat yoldaşı Yeganə Nəcəfova ifadə verib. O deyib ki, əri iranlı Bəşir adlı şəxslə birgə biznes qurub və Rusiyaya göyərti göndəriblər: “Bir dəfə Valehin işi vardı, özü gedə bilmədi. Mal da xaab çıxmışdı, buna görə aralarında  30 min manatla bağlı mübahisə olmuşdu. Sonra bir gün evə gəlib dedi ki, şəriki Bəşir onu Xırdalan uşaqlarına sifariş edib. Mən dedim ki, polisə şikayət edək. O dedi sən arvadsan, kişi işinə qarışma, onlar məni ailəmlə hədələyirlər. Bir dəfə gəlib mənim qızıllarımı apardı ki, onlara versin. Amma ucuz qiymətləndirmişdilər, dedi öz zərgərimə aparacam. Bir neçə gün sonra yenə görüşə getdi, zəng elədim telefonu açan olmadı. Bir neçə saat sonra zəng edəndə bir nəfər telefonu açıb dedi ki, Valehin qəzada ayağı sınıb. Xəstəxanaya getdik, orada bildik ki, Valeh ölüb. 

Yoldaşımın silahı olmayıb, heç vaxt da üstündə silah görməmişəm. Onu soyundurub döydüklərini bilirdim. Başına gətirilənləri mənə danışmışdı, iyrənc hərəkətlər ediblər, ona işgəncə veriblər, bir daha xatırlamaq istəmirəm”.

İttihama görə, 2017-ci ildə Xırdalan şəhərində baş verən silahlı atışmada 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç güllə yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb, həyatını xilas etmək mümkün olub. Daha sonra Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədov saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Murad Əhməd