“Maqnus Karlseni yarışda iştirak etməyə razı salmaq çətin idi”

maqnus-karlseni-yarisda-istirak-etmeye-razi-salmaq-cetin-idi
Oxunma sayı: 1065

 Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, ShamkirChess 2018 superturnirinin direktoru Mahir Məmmədov yarışın rəsmi saytına müsahibə verib. “Qafqazinfo” həmin müsahibəni təqdim edir:
 
- Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturniri başa çatdı. Ardıcıl 5-ci dəfə təşkil edilən yarışla bağlı fikirlərinizi bilmək istərdik...

- Vüqar Həşimov Memorialında cəmi 10 iştirakçı 9 tur ərzində mübarizə aparır. Təşkilat Komitəsi olaraq turnirin Azərbaycanın idman nüfuzuna uyğun yüksək standartlara layiqli səviyyədə keçirilməsi üçün bütün işləri həyata keçirdik. Sevindirici haldır ki, qonaqlar, rəsmi şəxslər, şahmatçılar təşkilatçılıqdan razı qaldı. Mütəmadi olaraq superturnirlərdə iştirak edən dünya çempionu Maqnus Karlsen də Şəmkir turnirinin təşkilatçılığını xüsusi qeyd etdi..
 
- Yarışın təşkili zamanı hansı çətinliklərlə qarşılaşdınız?

-   Çətinlik ondan ibarətdir ki, superturnir adlandırılan yarışda ən yüksək səviyyəli şahmatçılar iştirak edir və bu turnir Bakıdan kənarda təşkil olunur. Şəmkirin gözəl, səfalı məkan, şəmkirlilərin qonaqpərvər olması hamıya məlumdur. Amma şahmatçı üçün paytaxtdan 400 km məsafədə olan məkana yollanmaq mənəvi cəhətdən asan deyil. Cari ildə yarış Berlindəki İddiaçılar Turnirindən sonraya təsadüf etdi. Ən güclülər Berlində mübarizəyə qoşulmuşdu. Biz çox istəyərdik ki, Şəmkirdə əsasən FİDE reytinqində ilk onluqda qərarlaşan şahmatçılar mübarizə aparsın. Amma belə ideal heyət çox çətin idi. Çünki əksər yüksək səviyyəli şahmatçılar bir il öncədən iştirak edəcəyi yarışları dəqiqləşdirir.

Azərbaycanın yüksək təşkilatçılıq bacarığı həmişə nümunə sayılıb. Bu mənada ilk iki yarışda iştirak edən dünya çempionu Maqnus Karlsenin yenidən Şəmkirə gəlməyə razılıq verməsi xüsusi qeyd olunmalıdır.  Dünya şahmat tacı uğrunda matça hazırlaşan Maqnusun çox sıx yarış qrafiki var. Üstəlik dünya çempionu bütün dəvətlərə müsbət cavab vermir. Adətən dünya çempionuna 7-8 ay əvvəldən dəvət göndərirlər. Şəmkir turnirinin keçiriləcəyi ilə bağlı son qərar fevralda verildi. Demək olar ki, Vüqar Həşimov Memorialıyla əlaqədar 3 ay əvvəl Maqnusa müraciət olundu. Bununla bağlı Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, turnirin baş hakimi Faiq Həsənov mütəmadi olaraq Maqnusla danışıqlar aparıb, onunla əlaqədə olub. Azərbaycanın idman aləmində yüksək nüfuzu və təşkilatçılıq bacarığı dünya çempionunun Şəmkirə gəlməsində mühüm rol oynayıb. 

-  Azərbaycan şahmatçılarının yarışda iştirakını necə dəyərləndirirsiniz?

-  Azərbaycan şahmatçılarına gəldikdə onlar həmişə Şəmkir turnirində böyük həvəslə iştirak edirlər. Şəhriyar Məmmədyarov yorğun olmasına baxmayaraq mötəbər yarışdan kənarda qalmadı. Az sayda yarışlarda iştirak edən Teymur Rəcəbov Şəmkir superturniriylə bağlı dəvəti böyük sevinc və məsuliyyətlə qəbul etdi. Azərbaycan yığmasının digər üzvü Rauf Məmmədov üçün Şəmkir turniri böyük etimad oldu. Nəticələrə gəlincə Şəhriyar Məmmədyarov üçün Şəmkir yarışı çox çətin keçdi. Berlindəki əzmkar mübarizədən sonra yorğunluğunu nəzərə alaraq Şəhriyarın Şəmkirdəki çıxışını normal qəbul etmək olar. Teymurla Raufda qeyri-adi nailiyyət müşahidə olunmadı. Reytinqlərinə uyğun çıxış etdiklərini söyləmək mümkündür. Sözsüz ki, Maqnus Karlsenin qələbəsini qanunauyğunluq hesab edirəm. Norveçli dünya çempionu hətta ən yaxşı formada olmadığı turnirdə belə hamıdan güclüdür. İştirak etdiyi bütün yarışlarda maksimum nəticə uğrunda yarışan Maqnus Karlsen Şəmkirdə də yüksək bacarığını və səviyyəsini sübut etdi. 

- İlk 3 turda bütün görüşlər heç-heçə başa çatdı. Turnirdə belə başlanğıc hamı üçün gözlənilməz oldu...

- Belə mötəbər yarışda 3 turda ardıcıl 15 partiyanın bərabərliklə sona çatması mənfi işarəli sürpriz sayıla bilər. Ümumilikdə istərdim Şəmkir turniri daha çox məhsuldar partiyalarla yadda qalsın. Şahmatın gözəlliyi parlaq  kombinasiyalar və mübarizədir. Şahmatdakı gərgin mübarizə isə həmişə nəticəylə yekunlaşır. Bu sayda heç-heçələrin olmasını istəməzdim. İstirahət günündən sonra sanki şahmatçılar dəyişdi və gözlədiyimiz mübarizəni nümayiş etdirdilər. 

-  Azərbaycan şahmatçıları bir-birləriylə görüşlərdə heç-heçələr etdilər. Hiss olundu ki, mübarizə aparmadan bərabərlik qeydə alındı. Ümumiyyətlə belə superturnirlərə şahmatçılarımızın heç-heçə oynamasına necə münasibət bəsləyirsiniz?

- Azərbaycan şahmatçılarının bir-biriylə heç-heçə oynamasını istəmirəm. Şahmatçılarımız yarışa həmyerliləriylə xalı yarı bölmək fikriylə yollanmamalıdı. Təəssüflər olsun ki, biz bu halı görürük. Maqnus Karlsen bütün partiyalarda qələbə qazanmağa çalışır, məhsuldar oyun istəyir. Amma bizim şahmatçılar isə cəmi 7 partiyada mübarizə apamaq barədə düşünür. Digər iki oyunda isə əvvəlcədən heç-heçəyə razılaşırlar. Bu hal turnir zamanı təşkilatçıları ciddi şəkildə narahat etdi. Şahmatçılarımızın aralarında heç-heçə etməsi turnirə marağı azaldır, yarışın nüfuzuna zərbə olur. Nəyə görə onlar açıq mübarizə aparmamalıdı? Hamıya maraqlıdır Məmmədyarov-Rəcəbov, Məmmədyarov-Məmmədov və ya Rəcəbov-Məmmədov partiyaları hansı hesabla başa çatacaq. Bütün partiyalar rəsmi saytda canlı yayımlanır. Yüz minlərlə insan səbrsizliklə bu oyunları gözləyir. Belə heç-heçələr düzgün deyil. Şahmathəvəskarları canlı yayımda Məmmədyarov-Rəcəbov görüşündə iki güclü şahmatçının mübarizəsini izləmək istəyir. Bunlar isə qısa zamanda heç-heçə edərək tamaşaçının arzuladığı oyunu göstərmir. Azərbaycan millisində komanda yoldaşı olmaq superturnirdə açıq mübarizəyə mane olmamalıdı. Superrturnirlərdə mütləq rəqib sayılırlar. Ona görə mübarizə aparmaq lazımdır.
 
-  Gələcəkdə Şəmkir turnirində hansı şahmatçıların iştirakını istəyərdiniz?
 
-   Vüqar Həşimov Memorialımda hər zaman ən güclülər iştirak edib. Bu ildə də belə oldu. Növbəti illərdə sadəcə heyəti daha da gücləndirmək mümkündür. Əvvəlki illərdə iştirak edən Vişvanatan Anand, Hikaru Nakamura, Fabiano Karuana, Uesli So kimi şahmatçıları dəvət etmək yaxşı olardı. Biz sabiq dünya çempionu Vladimir Kramniki yarışda görməyə çox sevinərik. Vladimir Kramnik istənilən rəqiblə istənilən vəziyyətdə istənilən gündə sona qədər mübarizə aparır. Bu dəfə yorğunluğunu əsas gətirərək son anda iştirak edə bilməyəcəyini bildirdi. Buna görə Kramnik təşkilatçılardan üzrxahlıq etdi. Ümumilikdə Vüqar Həşimov Memorialı Şəmkiri şahmat şəhəri kimi tanıtdı. Bu gün dünyada superturnirlər azlıq təşkil edir. Stavanger, Sent Luis, Veyk-An-Zee, London turnirlərini qeyd etmək olar. ShamkirChess öz səviyyəsiylə bunların arasında özünəməxsus yüksək yeri tutur.