Maradonanın başı yenə qalmaqaldadır

maradonanin-basi-yene-qalmaqaldadir-
Oxunma sayı: 636

AzərTAc RİA Novosti agentliyinə istinadla xəbər verir ki, argentinalı əfsanəvi futbolçu Diyeqo Maradona məhkəmə çəkişməsinə cəlb olunub. Dünya futbolunun məşhur ulduzu vergidən yayındığı üçün Neapol məhkəməsi qarşısında cavab verməli olub.

İtaliyanın vergi orqanları Maradonanı 1980-ci illərdə bu ölkənin “Napoli” futbol klubunda çıxış edərkən yaranmış çox böyük məbləğdə vergi borcuna görə məhkəməyə cəlb etmişlər. İtaliya məhkəmə orqanlarının bildirdiyinə görə, argentinalı idmançının, nə az, nə çox, düz 38 milyon avro vergi borcu yaranmışdır. Argentinalı futbolçu bu məbləği indiyədək ödəməmişdir.

Düzdür, ara-sıra şəxsi əşyaları hesabına ondan bu məbləğin müəyyən hissəsi tutulub. 1991-ci ildə İtaliyanın maliyyə qvardiyası Maradonanı Pomanın “Fiumiçino” beynəlxalq aeroportunda saxlayaraq ona müvafiq məhkəmə sənədinə imza atdırmışdır. Həmin sənədə əsasən 2005-ci ildə məhkəmənin qərarı ilə televiziya verilişində iştirakına görə futbolçu üçün hesablanmış qonorarın bir hissəsini-78,5 min avro məbləğində vəsaitini alıblar. 2006-cı ildə İtaliyada xeyriyyə məqsədilə keçirilən futbol matçı zamanı Maradonanın 11 min avro dəyərində “Roleks” qol saatını müsadirə ediblər. Sonuncu dəfə isə Diyeqo İtaliyanın Merano kurort şəhərində istirahət edərkən onun brilyant sırğası vergi orqanları tərəfindən müsadirə olunmuş və sonradan həmin zinət əşyası hərracda 25 min avroya satılıb.