Marketin düşük reklamı...

marketin-dusuk-reklami
Oxunma sayı: 653

Azər Qismət

Bunu mən demədim. Bir taksi sürücüsü dedi. Bəlkə də təhsilsiz sürücü. Mən isə düşük demirəm, aşağı səviyyəli reklam adlandırıram. Radioda bir qızın səsi eşidilird. Reklamda təxminən belə deyilirdi: “Bajı, mən necə eləyim? Xəmir xörəkləri bişirə bilmirəm. (Bu yerdə Azərbaycanın Qərb zonasının ləhcəsindən istifadə edilirr). O biri qadın da deyir ki, “ay bajı, niyə fikir edirsən? Get Araz Marketə orda xəmir xörəkləri hazır vəziyyətdə satırlar”. Reklam belə də bitir. Sürücü başladı deyinməyə. Məsələ burasındadır ki, ölkənin adlı-sanlı marketinin belə ucuz-fason, belə aşağı səviyyəli reklam hazırlaması adama anlayışlı gəlmir. 

Ən azından internetdə yüzlərlə reklam nümunələrini görmək olar. Demirəm ki, Madonnanın məşhur avtomobil reklamındakı çarxı kimi milyonlar xərclənsin. Amma ən azından ortaya kiçik maliyyə vəsaiti ilə nəsə qoymaq olardı. Yoxsa, ölkənin müxtəlif xalqlarının ləhcəsi ilə reklam vermək dəbə düşüb. Ya şəkili, ya qazaxlı, ya sabirabadlı ləhcəsi ilə. Yorulmadız? İlk dəfə Anarın “Evləri köndələn yar” tamaşasında mərhum aktyor Telman Adıgözəlov rayon ləhcələrini səsləndirəndə adama xoş gəlirdi. Çünki ilk dəfə idi. Sonradan lap şitini çıxardılar. Adıçəkilən marketin belə reklamına qulaq asmaq mümkün deyil. Tam səmimi deyirəm ki, maliyyə vəziyyəti kifayət qədər yaxşı olan marketlər şəbəkəsinə bunu yaraşdırmadım.

Burda söhbət həm də başqa məsələdən gedir. Belə ucuz reklamlar xalqın xoşuna gəlmir. Adamların arasına çıxmaq, nə düşündüklərini bilmək vacib məsələdir. Deyilə bilər ki, xalq belə ucuz reklamları xoşlayır. İnanın ki, xoşlamır. Nə ucuz reklamları, nə ucuz kinoları. Xalq düşündüyünüzdən də irəli gedib. Rayon yerlərindəki gənclər sizə Frenk Sinatradan danışarlar, cazdan söz açarlar. Burda deyilə bilər ki, belə düşünən olsun 2-3 nəfər, bəs qalanları? Razıyam. Ancaq qalanları ucuz rekllamlar qədər aşağı səviyyədə deyillər. Nəzərə alın ki, reklam və filmlərə elm adamları, incəsənət xadimləri də baxır. Reklamı təkcə təndirə çörək yapan Güllü nənənin prizmasından hazırlamaq düzgün deyil. 

Götürək, Space kanalındakı hind filmlərini. Ya xalqın arasına çıxılmır, ya qəsdən belə edilir, demək çətindir. Cənablar, camaatın əksər hissəsi hind filmlərinə baxmır. Onlar səviyyəli filmlər gözləyirlər. Psixoloji baxımdan bunu belə anlamaq olar: “Bu xalq hind filmlərinə azarkeşlik etdiyi vaxtlarda qalıb”. Axı, o vaxtdan iqtisadi formasiya öz yerini başqasına verib, dünya qapalı ölkənin sakinlərinin üzünə açılıb. Belə bol çeşiddə adamların mədəniyyətə, ədəbiyyata, incəsənətə olan fərqli yanaşmaları yaranır. 21-ci əsrdə Azərbaycan tamaşaçısına dalbadal hind filmi nümayiş etdirmək anlaşılmır. Bollivud böyük kino industriyadır. Orda çəkilən bəzi filmlər dünya şöhrəti qazanır. Tamaşaçıya belə filmləri göstərmək olar, lakin daha iki gündən bir ekranda nümayiş etdirmək düzgün deyil. Vaqif Mustafayev Avropada öz üslubu, öz yanaşması olan rejissordur. Onun filmlərinə dəfələrlə baxıram və hər dəfə yeni məziyyətlər kəşf edirəm. Amma belə böyük rejissorun rəhbərlik etdiyi kanalda ucuz Bollivud filmlərinin tez-tez nümayişini bəyənmirəm. Bu təkcə mənim fikrim deyil. Çoxları belə düşünür.