Marqvelaşvili azərbaycanlıları təbrik etdi

marqvelasvili-azerbaycanlilari-tebrik-etdi
Oxunma sayı: 1712

 

Gürcüstanın prezidenti Georgi Marqvelaşvili azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Qardabani rayon mərkəzində əhali ilə görüşmüş və soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik etmiş, sülh, xoşbəxtlik və cansağlığı arzulayıb.

Tədbir maraqlı konsert proqramı ilə davam edib, Azərbaycan və gürcü ifaçıların çıxışları iştirakçıların alqışlarına səbəb olub.

Qocaman aşıq Aslan Kosalı prezidentə saz hədiyyə edib.

Sonra Georgi Marqvelaşvili Qardabani şəhərinin sakini Telman Xəlilovun ailəsində açılan bayram süfrəsində Novruz təamlarından dadıb və xatirə şəkli çəkdirib.

“Qafqazinfo”nun məlumatına görə, Georgi Marqvelaşvili AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib ki, ”Bu gün ölkəmizin azərbaycanlı əhalisi Novruz bayramını qeyd edir. Belə bir gözəl bayramın iştirakçısı olmağımdan məmnunluq duyuram. Baharın simvolu olan Novruz münasibətilə Gürcüstan azərbaycanlılarını səmim-qəlbdən təbrik edir, onlara həyatda uğurlar, fəal vətəndaş mövqeyi arzulayıram”.

Bu yaxınlarda Bakıya səfəri barədə təəssüratlarını bölüşən Gürcüstan prezidenti qeyd etmişdir ki, bir sıra ölkələrdə səfərlərdə olmuş, ancaq Azərbaycanda gördüyü mehribançılıq və səmimiyyəti çox yerdə hiss etməyib. G. Marqvelaşvili səmimiyyətə və mehriban qonşuluq münasibətinə görə Azərbaycanın dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirib, Novruz bayramı münasibətilə azərbaycanlı həmkarını və xalqımızı təbrik etmiş, sülh, əmin-amanlıq, sabitlik arzulayıb.

Tədbirdə Azərbaycan Respublikasının Grcüstandakı səfiri Azər Hüseyn iştirak edib.