“Marş İrəli” layihəsi davam edir

mars-ireli-layihesi-davam-edir
Oxunma sayı: 1708

Azərbaycan gəncinin güclü vətənpərvərlik ruhu ilə yetişməsi və Azərbaycan Ordusunun yaranmasının 100 illiyi ilə əlaqədar olaraq “İrəli” İctimai Birliyi “Marş İrəli” layihəsini həyata keçirir.  

“Qafqazinfo”nun məlumatına görə, Ağdam rayonunda keçirilən layihənin 3-cü günündə komanda birliyini gənclərdə aşılamaq məqsədi ilə komanda yarışı sessiyası, daha sonra isə təlimçi Anar Məmmədovun təqdimatında “müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh”  mövzusunda təlim keçirilib. Bu mövzuda müzakirələr aparılıb. Günün sonunda hərbiyə dair suallardan ibarət “Nə? Harada? Nə zaman?”(NHN)  intellektual yarışı baş tutub. 

Layihənin 4-cü günündə “Aprel döyüşlərində” iştirak edən Azərbaycanın şərəfli oğulları, qaziləri-Hikmət Məmmədov  və Azərbaycan şəhid, əlil və veteranlar ictimai birliyinin təşkilat komitəsi rəhbəri, ehtiyatda olan polkonvik-leytenant Elmar Hüseynovla maraqlı görüş baş tutub. 

Layihənin 5-cü günündə komanda yarışı sessiyasında gənclər fərqli yarışlarda iştirak edib, əlbəyaxa döyüş taktikası ilə tanış olublar. 

Layihədə Azərbaycan üçün əhəmiyyətli olan “Qarabağ həqiqətləri”, “ASQ-yə xidmət edirəm”, “Müharibə şəraitində yaşayan gənclərdə psixoloji ruh, “Aprel döyüşləri” kimi mövzularda ictimai müzakirə keçirilib

Xatırladaq ki, layihənin əsas məqsədi gənclərdə fiziki davamlılığın artırılması, hərbi xidmətə həvəsləndirmə, gənclərin ölkə maraqlarının qorunmasında aktiv iştirakı, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaqla ölkə gənclər siyasətinə töhfə verməkdən ibarətdir. 

“Marş İrəli” layihəsi “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin(GİN), Ağdam rayon İcra Hakimiyyətinin dəstəyi ilə həyata keçirilir.