Marşrut avtobusunda cinayət törədənlər ələ keçdi

marsrut-avtobusunda-cinayet-toredenler-ele-kecdi
Oxunma sayı: 1503

Bakıda ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər saxlanılıb.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, noyabrın 22-də və 24-də paytaxt sakini olan 2 qadının çantasından pul və qiymətli əşyalar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Teymur Hüseynov və Kürdəmir rayon sakini Vasif Babayev saxlanılıblar. 

Üzərində şəxsi axtarış zamanı T.Hüseynovdan 0,159 qram və V.Babayevdən 0,172 qram narkotik vasitə olan heroin götürülüb.

Həyata keçirilən əlavə tədbirlərlə onların dekabrın 3-də 40 saylı marşrut xətti ilə hərəkət edən sərnişin avtobusunda Bakı şəhər sakini olan bir nəfərin cibindən mobil telefon oğurlamaları da müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. Gördüyünüz bu şəxslərin digər analoji cinayətlər törətmələri də istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.