Masallıdan müraciət var

masallidan-muraciet-var
Oxunma sayı: 647

“Qafqazinfo” xəbər verir ki, müraciət vaxtilə Masallı İH vəzifə sahibi olmuş Məmmədağa Eynullayev haqqındaır. Müraciətdə ümumi olaraq Azərbaycanda gedən proseslərdən danışılır, Masallıda həyata keçirilən layihələr misal gətirilir. Lakin Masallı ziyalıları hesab edir ki, bu yeniliyi, uğuru, inkişafı gözügötürməyənlər də tapılır. Masallı ziyalılarının qənaətinə görə, ağı qara görmək istəyənlər, rəngləri qarışdıranlar, suyu bulandırıb balıq tutmaq arzusunda olanlar, dargözlülər, xəbislər şou düzəltmək, qurub-yaradanların ayağına dolaşmaq, başını qatmaq niyyəti ilə üzə çıxırlar. Onlar ciddi-cəhdlə inkişafımıza əngəl törətmək istəyirlər.

Masallı ziyalılarının fikrincə, bu gün cəmiyyət həmin insanları yaxşı tanıyır. İqtidarda olublar, vəzifə tutublar, necə deyərlər, qılınclarının dalı da kəsib, qabağı da. Nöqsanlarına görə vəzifədən çıxarıldıqdan sonra cəmiyyətə qarşı dönüblər. Bu, Məmmədağa Eynullayevin ətrafına yığdığı bir neçə nəfərdən ibarət qurumdur. Məqsədləri birdir. Dövlət idarələrinin yolunu su yoluna döndərir, əsassız şikayətləri ilə vaxt alırlar. İşlədikləri vaxtda öz gözlərində tiri görməyən belələri indi başqasının gözündə qıl axtarırlar.

Müraciətdə konkret ünvan göstərilir: “Məmmədağa Eynullayevi hamımız tanıyırıq. Vaxtilə rayon icra hakimiyyəti aparatında vəzifə tutub. Adı bir sıra qalmaqallarda, alış-verişdə hallanan, tutduğu posta dönüklük edən, vəzifə səlahiyyətləri çərçivəsində onlarca insanı aldadan şəxs bu gün ona-buna şər və böhtan atır. Qərəzinə, şəxsi ambisiyasına söykənib ləyaqətli adamlar barədə ictimaiyyətdə yalnış fikir formalaşdırmağa çalışır. Bəs niyə məhz bu gün? Hamının yadındadır ki, vaxtilə tutduğu vəzifədən aşağı vəzifəyə keçirildi. Onda səsini niyə çıxarmırdı? Bu gün isə dəstəsilə açmadığı qapı, şikayət göndərmədiyi ünvan qalmayıb. Belə müraciətlər, şikayət məktubları adətən çox vaxt Masallı ziyalıları adından ünvanlanır, guya onların mövqeyi kimi göstərilir. Lakin Məmmədağa Eynullayevin çoxsaylı ziyalılar adından danışmağa mənəvi haqqı yoxdur.”

Son olaraq qeyd olunur ki, belələri ölkəmizdəki, rayonumuzdakı inkişafı ya görmür, ya görmək istəmir. Axına qarşı getmək, görünən ünvanı qəsdən səhv salmaq, hamının xoşuna gələn, təqdir etdiyi görüntünü pisləmək gülüş doğurur.

Xalqın iradəsinə əks getmək fikrində olanlara demək istərdik: Əyri ağacın əyri meyvəsi olar! Danışanda əlini vicdanının üstünə qoy danış! Cahil özünün düşmənidirsə, özgələrinə necə dost ola bilər? Əgər daha yaxşısını qurub-yarada bilmirsənsə (bunu bacarmazsan da) ucdantutma hər şeyi qaralama! Bir də bil ki, haqq ağacını daşa da əksən qurumaz. Xalqın səsi isə haqqın səsidir!”- deyə yekun vurulan müraciətə 50-dən çox ziyalı imza atıb.

Xatırladaq ki, Ziyalıların etiraz etdiyi Məmmədağa Eynullayev Masallı Ziyalıları Birliyinin üzvləri ilə birgə rayon rəhbərliyindən şikayətçi olduqlarını Bakıda keçirilən mətbuat konfransı keçirməklə bildirmişdilər. Adı çəkilən şəxs indiyə qədər bir neçə etiraz aksiyasını təşkil edib.