Maşınların yanmasına sevinirlər

masinlarin-yanmasina-sevinirler
Oxunma sayı: 2650


Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın olub. Mediada 50-dən çox maşının yandığı barədə xəbərlər gedib. AzadlıqRadiosunun müxbiri 40-a yaxın avtomobildən qalan qaralmış dəmir parçalarını öz gözüylə görüb.

Nəzarətçi Asif İsrafilov əvvəllər yanan avtomobillərdən yalnız 3-ünün istifadəyə yararlı olduğunu bildirir:

«40-a yaxın maşın yanıb. Yalnız 3-ü istifadə olunan maşınlar idi. Geri qalanı 70-ci ildən qalan maşınlardır. Köhnə avtodayanacaq söküləndə ordan bura gətirilib».

Hadisəni eşidib olay yerinə gələn avtomobil sahibləri elə də narahat görünmürdülər. Hətta sevinəni də vardı – avtomobillərinin sığortası olanlar dəyən zərəri sığorta şirkətlərinin ödəyəcəyinə arxayındırlar...

- İdarədən eşitdim ki, yanğın olub. Gəldim baxmağa, maşınım yanmayıb. Yanmadığına həm sevinirəm, həm də sevinmirəm. Cana gələcək xəta dəmirə gəlsin. Yansa da eybi yox, sığortası var...

–Maşınım qəzalı idi, 20 gündür burdadır. Yanıb külə dönüb. Dəyən zərəri kim ödəyir-ödəsin... Canımız sağ olsun, sığortası var. Sığorta şirkəti ödəyər yəqin...

– Xəbəri qardaşımdan eşitdim. Gələndə maşınımı salamat gördüm. Nə sevinirəm, nə də ağlayıram. Zərər dəysəydi, dövlətimiz ödəyərdi yəqin.

Hüquq eksperti İradə Cavadovanın fikrincə, zərərçəkənlərin indidən rahatlanmaları tezdir: «İstər sığorta şirkətləri, istərsə DYP avtomobil sahiblərinə çox əziyyət verəcək. Hələ məlum deyil avtomobillərin icbari sığortası var, yoxsa kasko sığortası. İcbari sığorta (3-cü şəxslər qarşısında məsuliyyət sığortası) 5 min manatadək  kompensasiya deməkdir. Bu, müqavilənin necə bağlanmasından da asılıdır. Müqavilələrdə fors-major məsələlər nəzərə alınıbmı? Bəlkə avtomobilin içində qiymətli əşya və ya yüksək məbləğdə pul olub? Kasko sığortası (avtomobilin könüllü, tam sığortası) olanda, dəyən zərərin miqdarı tam ödənilir. Avtomobilin dəyərləndirilməsi də çətinlik törədəcək. Yanan avtomobillərin sahibləri çox böyük ziyana uğrayıblar. Sığorta şirkətlərinin avtomobil sahiblərini razı sala biləcəyinə əmin deyiləm. Düşünürəm ki, avtomobillər DYP-nin cərimə meydançasında olduğu üçün onların sahibləri daha çox məsuliyyət daşıyır. Kompensasiyanı  sığorta təşkilatından da öncə DYP ödəməlidir».

Adının hallanmasını istəməyən sığorta şirkətlərindən biri hesab edir ki, kənar təsirə görə, avtomobillər icbari sığortadan məhrumdur:  «Kompensasiyaların ödənilməsi sığortanın növünə, hansı məbləğdə dəyərləndirilməsinə, müqaviləyə əsaslanır. Burda başqa faktorlar da var –  avtomobilin hansı səbəbdən yanması, kimin günahkar olması və s. Onlar da araşdırılmalıdır. İstintaq aparılmadan qərar vermək çətin olacaq. İstintaqın nəticələrindən sonra bəlli olacaq ki, bu avtomobillərə icbari sığorta düşür, ya yox. Yanğın baş verdiyinə görə düşünürəm ki, orda icbari sığorta ödənməyəcək.  Zərərçəkənlərin kasko sığortası varsa, təminatların ödənilməsindən söhbət gedə bilər. Hər şey araşdırmalardan sonra bəlli olacaq».

Belə görünür ki, «sığortam var, ödəyərlər» deyənlərin əlləri pula elə də asan çatmayacaq. Bəs sığortasız avtomobillərin sahiblərinə dəyən zərəri kim qarşılayacaq?

Hüquqşünas Ramiz Məmmədov deyir ki, zərərçəkənlərə kompensasiyaların ödənilməsinə DİN və DYP birbaşa məsuliyyət daşıyır: «Saxlanma yerləri dövlətin nazirliyinə məxsusdur. Yüksəkgərginlikli elektrik naqillərinin keçdiyi yerdə cərimə meydançası qurublar. Buna görə məsuliyyəti nazirlik daşıyır. Yanğın məsələsində konkret halda DYP məsuliyyət daşıyır. Saxlanmaya onlar cavabdehdirlər. Yanan avtomobillərdən maddi dəyəri olan nə varsa, vətəndaşın mülkiyyəti sayılır. Akt tərtib olunub qiymətləndirilmə aparılmalı, dəymiş zərər ödənməlidir. Dəymiş zərər ödənilməzsə, vətəndaş məhkəmə yolu ilə pulunu almalıdır».

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü Kamran Əliyev deyir ki, yanğın olayı araşdırılmalı, ondan sonra kompensasiyaları hansı qurumların ödəyəcəyi müəyyənləşdirilməlidir: «Bu yanğının hansı səbəbdən baş verməsi araşdırılmalıdır. Səbəb bəlli olandan sonra bilinəcək ki, hansı təşkilat ödəyəcək. Bu, elektrik naqillərində yaranan qığılcımdan meydana gələn yanğındır, kimsə qəsdən törətməyib. Buna görə də araşdırılmalıdır. Meydançada yanan avtomobillərin əksəriyyəti neçə illərdir yararsız olan, əzilmiş maşınlardır. Sahiblərinə də dəfələrlə xəbər göndərilib ki, gəlib avtomobillərini götürsünlər. 10 ildən çoxdur orada saxlanan avtomobil var. Saxlamaya görə ödəniləcək məbləğ avtomobilin dəyərindən 2-3 dəfə çoxdur.  Dəyən zərərin miqdarı hələ müəyyən edilməyib».

Dəyən zərərin həcmi hələ dəqiqləşdirilməsə də, avtomobil həvəskarları yanmış avtomobillərə baxa-baxa təxmini rəqəmlər söyləyirlər:

- 30-40 avtomobil yanıb. Maddi baxımdan bütövlükdə 70-100 min manat zərər dəyib...

- Aşağısı 100 min!..

- Gör neçə maşın var? Bəlkə də çox olar...

Təbii ki, təxmini rəqəmlərdir və dəqiqləşdirilə bilər. Amma əsas sual bu deyil. «Zərəri hansı qurum qarşılayacaq?» – bax, bu əsas sualdır və hələ ki, cavabı bilinmir. /azadliq.org/